Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və multikulturalizmin Azərbaycan modeli” mövzusunda konfrans keçirilib
15 iyun – Milli Qurtuluş Günü ərəfəsində Heydər Əliyev Mərkəzində silsilə tədbirlər davam edir. Tədbirlər planına uyğun olaraq 10 iyun 2016-cı il tarixdə Mərkəzdə “Heydər Əliyev və multikulturalizmin Azərbaycan modeli” mövzusunda konfrans keçirilib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub.
Konfransı giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa açıq elan edib. Konfrans iştirakçılarının salamlayan M.Musa “Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında” adlı məruzə ilə çıxış edib.
Daha sonra konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ regional bölməsinin sədri Əlizadə Nəcəfov, C.İbrahimov adına şəhər 8 saylı tam orta məktəbin direktoru Anar Qasımov, YAP Ağcabədi rayon təşkilatının məsləhətçi-təlimatçısı Mehman Novruzov, Muğanlı məscidi dini icmasının sədri Süleyman Ağayev, Ağcabədi RİH-nin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev Azərbaycanda tolerantlığın kökləri, tarixi, bu yöndə Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri, multikulturalizmin bir dövlət siyasəti olması, ölkə prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın multikulturalizmlə bağlı həyata keçirdiyi işlər haqqında ətraflı məruzələrlə çıxış etdilər.