Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə region gənclərinin problemlərinin həlli yolları müzakirə olunub

09 iyun 2016 | 11:00

Ağcabədi rayon İcra Hakimiyyəti və Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində keçirilən “Region gənclərinin inkişafına dəstək” forumunda gənclərin problemlərinin araşdırılması, mövcud imkanların dəyərləndirilməsi və görülə biləcək işlər müzakirə olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən forum Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Mərkəzin Qarabağ Regional Ofisinin rəhbəri Radə Qafarova çıxış edərək, forumun məqsədi barədə məlumat verib, Azərbaycan həyata keçirilən gənclər siyasətinin region gənclərinə təsirindən və nəticələrindən danışıb.
“Davos” formatında keçirilən forumda Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva rayonda gənclər üçün yaradılan şəraitdən bəhs edib. Bildirib ki, ağcabədili gənclər rayonun sosial-iqtisadi, ictimai-mədəni həyatında fəal iştirak edirlər.
Forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov təmsil etdiyi qurumun region gənclərinin təşəbbüskarlığının artırılmasındakı rolu və bu sahədə görülmüş işlərdən danışıb.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev yerli idarələrin gənclər siyasətinin həyata keçirilməsində fəaliyyəti və gənclər üçün mövcud imkanlar barədə forum iştirakçılarına məlumat verib, onlarla fikir mübadiləsi aparıb.
Daha sonra iştirakçılar fikirlərini bölüşüb, onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər