01.06.2016-cı il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər İncəsənət məktəbində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirildi.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini ,İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva uşaqları təbrik edərək, qeyd etdi ki,1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur. Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Son illər uşaqların təlim-tərbiyəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini qeyd edən natiq onu da qeyd etdi ki, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva uşaqların problemlərinə böyük diqqətlə yanaşırlar. Heydər Əliyev Fondu tərəfindən uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirilir.
Tədbir Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər İncəsənət məktəbinin şagirdlərinin hazırladıqları maraqlı konsert praqramı ilə davam etdi.