Ağcabədi rayon İcra Hakimiyyətində 28 May Respublika Gününə həsr edilmiş tədbir keçirildi
27.05 2016-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətində 28 May Respublika Gününə həsr edilmiş “Şərqin ilk parlamentli Demokratik Respublikası” mövzusunda tədbir keçirildi. Tədbir iştirakçıları İlk öncə Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etdilər.Tədbirdə Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı cənab Şahin Məmmədov çıxış edərək , bayram münasibəti ilə Ağcabədi rayon sakinlərini təbrik etdi və bildirdi ki, Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 98 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Cəmi 23 ay fəaliyyət göstərən və ölkəmizə əsən şimal küləyinin müstəqilliyimizə son qoyduğu Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Müstəqillik uğrunda mübarizəni davam etdirən xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı.
Tədbirdə digər çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi səciyyələndirdilər. Natiqlər eyni zamanda 70 ildən sonra müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının da bu gün regional miqyasda və beynəlxalq aləmdə öz sözünü deyə bilən ölkə olduğunu diqqətə çatdırdılar. Öz əməlləri, xidmətləri ilə gerçək bir tarix yaradan və hamımızın qəlbində xüsusi yeri olan əbədiyaşar liderimiz Heydər Əliyevin xidmətlərinin, fədakar əməyinin bəhrəsi olaraq bu gün müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamadığını və müstəqillik yolunda dönmədən irəlilədiyini bildirdilər.