“Dədə Qorqud ruhu Qarabağda yaşayır” adlı elmi tur faydalı, maraqlı və yaddaqalan olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun, Bakı Slavyan Universitetinin və Bərdə, Ağcabədi, Beyləqan rayon icra hakimiyyətlərinin təşkilatçılığı ilə keçirilən “Dədə Qorqud ruhu Qarabağda yaşayır” adlı elmi turun iştirakçıları Ağcabədi və Beyləqan rayonlarında olublar.
Alimlərin, tələblərin, şagirdlərin və ictimaiyyət nümayəndələrinin daxil olduğu tur iştirakçıları Ağcabədi şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarət etdikdən sonra rayon icra hakimiyyətində görüş keçirilib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2 yaşının tamam olması münasibətilə hər iki qurumun kollektivinə uğurlar arzulayıb, Fondun layihələrinin ölkəmizdə maraqla qarşılandığını diqqətə çatdırıb.
Qonaqlara rayon barədə ətraflı məlumat verən Ş.Məmmədov bildirib ki, Ağcabədi respublikanın ən böyük kənd təsərrüfatı rayonlarındandır. Rayon əhalisi əsasən heyvandarlıqla məşğul olur. Ölkənin ən böyük süd emalı müəssisəsi, heyvandarlıq kompleksi, ilk cins keçi və qoyunçuluq təsərrüfatı, pilot taxılçılıq təsərrüfatı Ağcabədidə yaradılıb. Hazırda pambıqçılığın və baramaçılığın inkişafı istiqamətində işlər görülür.
Rayon icra hakimiyyətinə və Heydər Əliyev Mərkəzinə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” və 25 dildə nəşr olunmuş “Kitabi-Dədə Qorqud”. Basat Təpəgözü öldürdüyü boyu bəyan edər” kitablarının nüsxələri hədiyyə edilib.
Heydər Əliyev Mərkəzinə gələn tur iştirakçıları Ulu Öndərə aid eksponatlarla, həmçinin Mərkəzdə fəaliyyət göstərək “əl işləri” və “toxuculuq” kursları ilə tanış olublar.
Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” və 25 dildə nəşr olunmuş “Kitabi-Dədə Qorqud”. Basat Təpəgözü öldürdüyü boyu bəyan edər” kitablarının təqdimatı olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mütəxəssisi Yadigar Məmmədlinin moderatorluğu ilə keçirilən mərasimdə kitabların əhəmiyyətindən, məziyyətlərindən danışılıb. Bildirilib ki, Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncama əsasən nəşr olunan kitab peşəkar mütəxəssislər tərəfindən alman, avar, Çin, erməni, ərəb, fars, fransız, gürcü, hind, xınalıq, ingilis, italyan, kürd, ləzgi, macar, rus, talış, tat, türk, udi, Ukrayna, yapon, yəhudi və yunan dillərinə tərcümə edilib.
Tədbirdə memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlı, tarix elmləri doktoru Qasım Hacıyev, filologiya elmləri üzrə fəlsəfə doktoru Ləman Süleymanova, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Qarabağ şöbəsinin müdiri Əlizadə Nəcəfov, Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının dosenti Baxış Ələsgərov və başqaları çıxış edərək, hər iki nəşri yüksək dəyərləndirib, onları son illər multikulturalizmin təbliği yönündə ölkəmizdə həyata keçirilən ən mühüm layihələrdən olduğunu söyləyiblər.
Çıxışlarda “Kitabi-Dədə Qorqud” dastanı, Qarabağın tarixi, folkloru, toponimləri, ərazidə aparılan arxeoloji tədqiqatlardan da bəhs edilib. Qeyd olunub ki, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir. Əsərdə vətənpərvərlik, qəhrəmanlıq, müdriklik, oğuz türklərinin dünyagörüşü, mənəvi dəyərləri, adət-ənənələri, Azərbaycan toponimləri əksini tapıb.