Aprelin 27-də Qax rayonundakı Damazlıq İpəkçilik Stansiyasında inkubasiya mərhələsi keçən ipək qurdu toxumları baramaçılıqla məşğul olmaq istəyən fermerlərə təqdim olunub.
.İpək qurdları Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Ağcabədi, Ağdaş, Bərdə, İmişli, Kürdəmir, Sabirabad, Ucar, Yevlax və Zərdab rayonlarından olan kümçülərə (baramaçılara) ödənişsiz olaraq paylanılıb.
Fermerlərə yardım məqsədlə nazirlik tərəfindən İran İslam Respublikasından 750, Çin Xalq Respublikasından isə 1000 qutu yüksək keyfiyyətli ipək qurdu toxumları tədarük edilərək ölkəmizə gətirilib və müvafiq olaraq aprelin 14-də və 19-da Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub.
İpək qurdlarının paylanması münasibətlə keçirilən tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev və nazirliyin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov baramaçılıqla məşğul olan təsərrüfat rəhbərlərinə, kümçülərə lazımi məsləhət və tövsiyələr veriblər.
Stansiyadan ipək qurdlarını təhvil alan kümçülərə barama istehsalı texnologiyasına dair video-tövsiyə, buklet və yaddaş vərəqələri də verilib.