Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Azərbaycanın Milli Qəhrəmanı Sadıq Hüseynovun xatirəsi anılmışdır.

13 aprel 2016 | 11:00

13 aprel 2016- cı il tarixdə  Ağcabədi rayonu Xocavənd kəndində şəhidin məzarı önündə Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı şəhid Sadıq Hüseynovun ildönümü keçirilmişdir.
Tədbirdə şəhidin ailə üzvləri, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai –siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Naibə Mustafayeva, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi Yalçın Sadıqlı, rayon Polis şöbəsinin rəis müavini, döyüş yoldaşları, “N” saylı hərbi hissənin əsgər və zabitləri, Qarabağ müharibəsi veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdilər.
Tədbirdə  çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini- İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva  Sadıq Hüseynovun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan bəhs etmiş və  bildirmişdir  ki, Hüseynov Sadıq Dayandur oğlu 29 iyul  1969-cu ildə  Ağcabədi rayonunun  Xocavənd kəndində doğulmuşdur. 1968-1978-ci illərdə burada orta məktəbdə oxumuş,1980-cı ildə ordu sıralarına çağırılmışdır. 1989-cu ildə DİN-nin sərəncamı ilə Şuşa şəhərində sahə müvəkkili olaraq işə başlamışdır.Ermənilərin azğınlaşmış silahlı dəstələri Azərbaycan torpaqlarını işğal etdikləri vaxtlarda digər polis əməkdaşları kimi o da, döyüşlərə girmiş və 29 mart 1992-ci il o döyüşlərdən birində ağır yaralanmasına baxmayaraq silahını yerə qoymamışdır. 13 aprel 1992-ci il erməni faşistlərinin silahlı dəstələri Şuşanı ağır raket atəşinə tutmuşdular. Hüseynov Sadıq döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Hüseynov Sadıq Dayandur oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Təhsil aldığı Xocavənd kənd tam orta məktəbi onun adını daşıyır.Daha sonra Naibə Mustafayeva Qarabağ müharibəsi veteranlarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində tədbirin əhəmiyyətini yüksək qiymətləndirmışdır.Bildirmişdir ki, ağcabədili gənclər Qarabağ müharibəsi zamanı Vətənin müdafiəsində fədakarlıq göstərmişlər. Cəbhə bölgəsində yerləşən Ağcabədi rayonunun sakinləri  bu gün də Milli Orduya həm maddi, həm də mənəvi dəstək verir, bu işdə nümunəvi olurlar.
Daha sonra  çıxış edənlər ölkəmizin ərazi bütövlüyü uğrunda mərdlik və şücaət göstərmiş, "Azərbaycanın Milli Qəhrəmanı" kimi şərəfli ada layiq görülmüş  Sadıq Hüseynovun  həyatının  gənclərimizə örnək olması üçün Azərbaycanın Milli Qəhrəmanlarının həyatı, döyüş yolu daima öyrənilməsini və təbliğ olunmasını vurğulamışdırlar.
Tədbirin yekununda vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiyalarda Azərbaycan Ordusunun mübarizliyi, mərd oğulların Vətənin azadlığını və ərazi bütövlüyünü canlarından üstün tutması, ordu ilə xalqın birliyi tərənnüm edilmişdir.

Keçidlər