04.04.2016-cı il tarixdə Ağcabədi rayonunda "Azərbaycan Gənci hər an Vətənin müdafiəsinə hazırdır” mövzusunda tədbir keçirilib.
04.04.2016-cı il tarixdə Ağcabədi rayon Y.Məmmədov adına Mədəniyyət evində "Azərbaycan Gənci hər an Vətənin müdafiəsinə hazırdır” mövzusunda tədbir keçirilib.Tədbirdə 350-dək rayon ictimaiyyətinin nümayəndələri, veteranlar, ictimai birliklər və gənclər iştirak edib.Tədbiri giriş sözü ilə açan Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov qeyd etmişdir ki, cari ilin aprel ayının 2-dən 3-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Təmas xəttində yerləşən mövqelərimizə hücum çəkilmiş və təmas xəttinə yaxın yerlərdə yerləşən yaşayış məntəqələrimiz atəşə tutulmuşdur. Bu silahlı təxribat nəticəsində hərbiçilərimiz və mülki şəxslər həlak olublar. Həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Daha sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov qeyd etmişdir ki,Azərbaycan Respublikasının Prezidenti Ali Baş komandan cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi məqsədyönlü hərbi strategiyanın uğurlu icrasının nəticəsi istər silahlı ordu birləşmələrində istərsə də xalq arasında torpaqlarımızın azad olunmasında böyük ruh yüksəkliyi yaratmışdır. Son günlərdə ordumuz tərəfindən əldə olunan qələbələr bunu deməyə əsas verir. Silahlı qüvvələrimiz tərəfindən erməni təxribatının qarşısı layiqincə alınmaqla yanaşı eyni zamanda, daha əlverişli hərbi mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Cəbhədə baş verən son hadisələrlə bağlı 02 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilmiş və həmin iclasda Dövlətimizin başçısı çıxış edərək bu günkü təxribatın da Ermənistanın Azərbaycana qarşı məkrli siyasətinin təzahürü olduğu qeyd edilmişdir. Eyni zamanda ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı son 25 ildə apardığı ikili standartların səmərəsiz nəticəsi qeyd edilib.