Ağcabədidə Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir.
Ağcabədi rayonunda Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də Fevral ayının 25-də Ağcabədi rayon İcra Hakimiyyəti və YAP Ağcabədi rayon təşkilatı tərəfindən YAP Ağcabədi rayon təşkilatının inzibati binasında keçirilmişdir.
Tədbiri Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Naibə Mustafayeva açdı.
Xocalı faciəsində, eləcə də Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Naibə Mustafayeva çıxış edərək 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Amma Xocalı faciəsinin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımınca qiymətləndirilmədi, əvvələn, soyqırımı aktının qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilmədi. Məhz ilk vaxtlar rəsmi orqanların Xocalı faciəsini soyqırımı faktı kimi açıqlamaması və bununla bağlı dünya ictimaiyyətinə heç bir məlumatın verilməməsi ağır nəticələr verdi. Yalnız Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl hüquqi -siyasi qiymətini aldı. Soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Ulu öndər 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi fərman imzaladı. Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olundu, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verildi. 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" Prezident Heydər Əliyev növbəti fərman imzaladı. Hər il fevral ayının 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Xocalı soyqırımı" ilə əlaqədar xalqa müraciət edir. müraciətində Prezident İlham Əliyev bir daha xalqımızı əmin edir ki, dövlətimiz bundan sonra da Xocalı soyqırımına, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına obyektiv qiymət verilməsi və tarixi-hüquqi ədalətin bərpası üçün öz fəaliyyətini davam etdirəcək, bütün siyasi və hüquqi vasitələrlə belə hallara qarşı barışmaz mübarizə aparacaq.
Soyqırımla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun xüsusi xidmətləri var. Fond Xocalı soyqırımının ildönümləri ilə əlaqədar xarici ölkələrdə layihələr həyata keçirir. Məqsəd bu soyqırımın əsil mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması və erməni vəhşiliklərini əks etdirən materailların beynəxalq təşkilatlar qarşısında nümayiş etidirilməsidir. Heydər Əliyev Fondu soyqırımla bağlı xaricdə sərgilər təşkil edir. Fondun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı nəşr olunan kitab və bukletlər də xarici ölkələrdə yayılır. Artıq bir neçə ildir davam edən “Xocalıya ədalət kampaniyası” çərçivəsində həyata keçirilən tədbirlər soyqırım həqiqətlərinin dünyada tanıdılması və yayılması istiqamətində mühüm aksiyaya çevrilib. Hər il müxtəlif ölkələrdə təşkil olunan mitinqlər, yürüşlər və digər tədbirlər dünya ictimaiyyətini bu soyqırımı ermənilərin törətdiyinə inandırıb.
Ağ evin rəsmi internet səhifəsinin “Biz xalqıq” bölməsində yerləşdirilən “Xocalı soyqırımının tanınması” və “Dağlıq Qarabağ münaqışəsi və ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalının tanınması” ilə bağlı yerləşdirilən petisiyada tələb olunan 100 minə qarşı 126773 imza toplanmışdır.
Ağcabədili gənclər bu sahədə xüsusi fəallıq göstərmiş və 21530 səs vermişlər. Artıq dünyanın onlarla ölkəsi, Amerika Birləşmiş Ştatlarının 18 ştatı Xocalı soyqırımını tanıyıb.
Natiq çıxışının sonunda bildirdi ki, Biz əminiki, Azərbaycan dövləti və cənab prezident İlham Əliyev xalqımızın bu müqəddəs amallarının gerçəkləşməsi yolunda var qüvvəsini sərf edəcək, soydaşlarımıza qarşı törədilmiş qanlı cinayətlərin, o cümlədən Xocalı faciəsinin bütün günahkarlarının lazımınca cəzalandırılması üçün bütün tədbirləri görüləcəkdir.
Tədbirdə YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini, H.Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Radə Qafarova, Ağcabədi Pedaqoji kollecinin tələbəsi Şamama Qəhrəmanova, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının üzvü Nərminə Əkbərova çıxış edərək ermənilər tərəfindən törədilmiş və tarixdə misli görünməmiş Xocalı qətliamı barədə öz fikirlərini söyləmiş, bu qisasın yerdə qalmayacağını vurğulayaraq möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəklərinə inandıqlarını ifadə etmiş, və bildirmişlər ki, yalnız qələbə bayrağı Qarabağda, Xocalıda dalğalanan zaman Xocalı şəhidlərinin ruhları dinclik tapacaqdır.
Tədbirin sonunda Xocalı soqırımına həsr edilmiş videofilm nümayiş etdirilmişdir.