Gənc Heydərçilərin iştirakı ilə "Xocalı soyqırımı əsrin faciəsi, xalqımızın qan yaddaşıdır" başlığı altında tədbir keçirilmişdir
24 Fevral 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzinin, Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının, "Heydər Əliyev Siyasi İrsinin öyrənilməsi və təbliği qurupu"nun və Ağcabədi Pedoqoji kollecinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Xocalı soyqırımı əsrin faciəsi - xalqımızın qan yaddaşıdır" başlığı altında tədbir keçirilmişdir. Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədr müavini, Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov, Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa, Ağcabədi Pedoqoji Kollecinin direktor müavini Rövşən Bayramov çıxış edərək 1992-ci ilin fevral ayının 25-dən 26-sına keçən gecə erməni işğalçıları, habelə uzun müddət beynəlxalq ictimaiyyətə "sülhsevər" ordu kimi təqdim edilmiş keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xocalı şəhərini sakinləri ilə birlikdə məhv edərək insanlığa silinməz ləkə olan soyqırımı törətdiklərini qeyd etmişdirlər. Həmçinin vurğulanmışdır ki, 1994-cü il fevralın 24-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən "Xocalı Soyqırımı günü haqqında" qərar qəbul edilmişdir və bununla da BMT və dünya dövlətlərinə soyqırımın gerçək mahiyyəti açıqlanmış, beynəlxalq ictimaiyyət erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağrılmışdır.