Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində Müdafiə Nazirliyi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qızıl ulduzlu qəhrəmanlarımız” silsiləsindən Azərbaycanın Milli Qəhrəmanı şəhid Namiq Abdullayevin anım mərasimi keçirilib.
Şəhidin ailə üzvlərinin, döyüş yoldaşlarının, “N” hərbi hissənin əsgər və zabitlərinin, Qarabağ müharibəsi veteranları və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə keçirilən tədbirdə Namiq Abdullayevin mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan bəhs edilib. Bildirilib ki, Abdullayev Namiq Vahid oğlu 1974-cü il mayın 10-da Ağcabədi rayonunun Avşar kəndində anadan olub. 1991-ci ildə Avşar kənd orta məktəbini bitirib, 1992-ci ilin dekabrında cəbhəyə yollanaraq, Vətənimizin müdafiəsində iştirak edib. 1993-cü il fevralın 9-da Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə ermənilərin hərbi texnikasını və xeyli canlı qüvvəsini məhv edərək, qəhrəmancasına həlak olub. Prezidentin 1994-cü il 16 sentyabr tarixli Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Vaxtilə təhsil aldığı Avşar kənd orta məktəbi hazırda qəhrəmanın adını daşıyır.
Tədbirdə Namiq Abdullayevin ailəsinə “Fədai” medalı təqdim edilib.
Avşar kənd tam orta məktəbin direktoru Kərim Ələkbərov və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva çıxış edərək, Qarabağ müharibəsi veteranlarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, ağcabədili gənclər Qarabağ müharibəsi zamanı Vətənin müdafiəsində fədakarlıq göstəriblər. Cəbhə bölgəsində yerləşən Ağcabədi rayonunun sakinləri bu gün də Milli Orduya həm maddi, həm də mənəvi dəstək verir, bu işdə nümunə olurlar.
Polkovnik Abdulla Qurbani və Xalq Artisti Pərvanə Qurbanovanın aparıcılığı ilə keçirilən tədbirdə silahlı qüvvələrin mahnı və rəqs ansamblının, Qarabağ Muğam Mərkəzinin tələbələrinin və Əməkdar Artist Sevinc Sarıyevanın ifasında vətənpərvərlik mövzusunda mahnılar səslənib, ədəbi-musiqili kompozisiyalarda Azərbaycan Ordusunun mübarizliyi, mərd oğulların Vətənin azadlığını və ərazi bütövlüyünü canlarından üstün tutması, ordu ilə xalqın birliyi tərənnüm edilib.