TQDK test imtahanlarında nəzarətçi kimi iştirak etmiş və fəaliyyəti yüksək qiymətləndirilmiş müəllimləri mükafatlandırıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlara orta ümumtəhsil müəssisələrindən nəzarətçi kimi cəlb edilmiş müəllimlərin imtahan prosesində fəaliyyətləri hər il qəbul kampaniyasının sonunda təhlil olunur. Bu zaman çoxsaylı parametrlər -nəzarətçinin imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə qabiliyyəti, imtahan sənədləri ilə işləmə bacarığı qiymətləndirilir, köçürmə hallarına şərait yaratmaması, imtahan rəhbərinin nəzarətçinin fəaliyyətinə verdiyi qiymət və 600-dən yuxarı bal toplamış abituriyentlərin sorğu anketlərində nəzarətçi haqqında rəyləri, imtahanlarda fəal iştirakı, nəzarətçi kimi stajı və s. əsas götürülür.
Aparılmış araşdırmalar və təhlillər nəticəsində imtahan prosesində öz vəzifələrini obyektiv, peşəkar səviyyədə və qaydalar çərçivəsində yerinə yetirən nəzarətçi-müəllimlər müəyyən olunur və Komissiya tərəfindən müxtəlif diplom və hədiyyələrlə mükafatlandırılır.
Bu məqsədlə fevralın 2-də TQDK-da 2015-ci ildə keçirilmiş imtahanlarda qeyd olunan göstəricilərinə görə xüsusi fərqlənmiş nəzarətçi-müəllimlər təltif olunub. Mükafatlandırma mərasimində TQDK-nın rəhbərliyi və kollektivi, müəllimlər, KİV nümayəndələri iştirak ediblər.
Digər Regional Bölmələrlə yanaşı Ağcabədi Regional bölməsi də onlayn rejimdə, «Skype» internet-telefon vasitəsi ilə tədbirə qoşulmuşdur. Belə ki, Ağcabədi rayonu Qiyamadinli kənd tam orta məktəbinin kimya müəllimi Haqverdiyev Hüsən Atamoğlan oğlu da zal nəzarətçi si vəzifəsini nümunəvi yerinə yetirdiyinə görə Fəxri fərmana layiq görülmüşdür. Regional Bölmədə təltif olunmuş nəzrətçi-müəllimə RB müdiri, kimya üzrə fəlsəfə doktoru Samir Əliyev fəxri fərmanla yanaşı , TQDK nəşrlərindən ibarət və digər hədiyyələr təqdim etmişdir.
Regional Bölmədə təşkil olunmuş tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin nümayəndələri, təşəkkür elan olunmuş nümunəvi nəzarətçi-müəllimlər, imtahan rəhbərləri, bir sıra məktəb direktorları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdrir.