Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Muğanlı kənd məscidi dini icmasında “Qəhrəmanlar unudulmur!” adlı tədbir keçirildi

18 yanvar 2016 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Ağcabədi rayon Muğanlı kənd məscidi dini icmasında 16 yanvar 2016-cı il tarixdə “Qəhrəmanlar unudulmur!” adlı layihə çərçivəsində növbəti tədbir keçirilmişdir.
     Tədbirdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçisi Tərxan Paşazadə,  Ağcabədi RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Cavid Məlikzadə,  Ağcabədi rayon Muğanlı kənd məscidi dini icmasının sədri Süleyman Ağayev, kənd ağsaqqalları, ziyalılar və gənclər iştirak edirdilər.
    Tədbiri giriş sözü ilə açan Ağcabədi rayonu Muğanlı kənd məscidi dini icmasının sədri Süleyman Ağayev  bildirdi ki, bu tədbir cənab Prezidentimiz İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı hesabına təşkil olunub. 
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə tədbirdə geniş məruzə ilə çıxış etdi. O, mövzu ilə bağlı Azərbaycan xalqının qəhrəmanlıq tarixinə qısa ekskursiya edəndən sonra Ağcabədi rayonunun cəbhə bölgəsində yerləşdiyini və Qarabağ müharibəsində bu rayondan 3 Milli Qəhrəman olduğunu və bu rayondan çox saylı şəhidlərin olduğunu qeyd edərək bildirdi ki, Azərbaycanın Ağcabədidən olan Milli Qəhrəmanları Namiq Abdullayev, Sadıq Hüseynov və Etibarın Hüseynovun keçdiyi həyat yolu bizim gənclərə nümunə olmalıdır.
    Daha sonra Ağcabədi RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev  çıxış edərək Azərbaycanın Milli Qəhrəmanlarından, şəhidlərdən geniş bəhs etdi.
     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov çıxış edərək Ağcabədi şəhidlərindən, vətən sevgisindən geniş məruzə etdikdən sonra rayondakı dini-durumdan da məlumatlar verdi.
     Tədbir iştirakçılarından şəhid atası  Üzeyir Quliyev, kənd sakini Elgün Quliyev də çıxış edərək belə tədbirlərin keçirildiyi üçün çox məmnun olduqlarını bildirdilər. 
     Tədbirin sonunda Muğanlı kənd məscidi dini icmasının sədri Süleyman Ağayev çıxış edərək bildirdi ki, icazə verin mən bu günki tədbirin təşkili münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri cənab Mübariz Qurbanlıya və bu gün burda iştirak edən hər kəsə öz təşəkkürümü bildirim. Söz veririk ki, biz  gələcəkdə bu cür tədbirlərin keçirilməsini daha yaxşı təşkil edəcəyik. 
Tədbir çay süfrəsi ilə başa çatdırıldı.

Keçidlər