20 YANVAR- QƏHRƏMANLIQ ZİRVƏSİ
Ağcabədi şəhər M. Əsədov adına 5 saylı tam orta məktəbdə “20 Yanvar-qəhrəmanlıq zirvəsi” adlı anım tədbiri keçirilmişdir.Tədbirin əvvəlində qanlı yanvar faciəsi zamanı şəhid olmuş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra məktəbin direktoru S.Rəhimova çıxış edərək iyirmi altı il öncə baş vermiş qanlı yanvar hadisələri zamanı azadlığımız üçün canlarından keçmiş hər bir vətəndaşın xatirəsinin qürurla anıldığını bildirərək, həmin gecə baş verən faciənin müstəqil və müasir Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə həkk olunduğunu qeyd etdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet imperiyasının ağır hərbi texnika ilə silahlanmış ordusunun törətdiyi faciəyəyə etiraz olaraq özünəməxsus cəsarət və qətiyyətlə seçilən ümummilli lider Heydər Əliyev tərəfindən sovet rəhbərliyinin siyasətinə öz qəti etirazını bəyan etdiyi vurğuladı.
20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün yad edilməsi, böyüməkdə olan gənc nəsildə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, gənclər arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması məqsədilə keçirildiyini qeyd edən S.Rəhimova 1990-cı ilin yanvarında respublikamızın azadlığı və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalmış vətən övladlarının özlərinin fədakarlığı ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazdığını bildirdi. Çıxışçılar tərəfindən məhz ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra onun təşəbbüsü ilə qanlı yanvar hadisələrinə siyasi-huquqi qiymət verildiyini faciənin dünya ictimaiyyətinə döğru, düzgün çatdırılmasında və beynəlxalq müstəvidə tanıdılmasında mühüm rol oynadığı bildirildi.
Daha sonra şagirdlər 20 Yanvar şəhidlərinə həsr olunmuş şeir kompozisiyası ilə çıxış etdilər.
Tədbirin davamında 20 Yanvar hadisələrindən bəhs edən “Müqəddəs məkan” sənədli filmi nümayiş olundu.
Sonda tədbir iştirakçıları şəhidlərimizin parlaq xatirəsini hər zaman əziz tutacaqlarını və qanlı yanvar hadisələrini təkcə faciə günümüz yox, həm də tariximizin şərəfli səhifələrindən biri olduğunu qeyd etdilər.
Tədbirdən sonra məktəbin müəllim və şagird kolektivi “Şəhidlər Xiyabanını” ziyarət edərək şəhidlərin məzarları üstünə tər qərənfillər düzdülər