Ağcabədi rayonunda 3 Dekabr Ümumdünya əlillər günü qeyd edildi.
03.12.2015-ci il Ağcabədi rayon Qızıl Saray şadlıq evində Əlillər Günü qeyd edildi.Tədbirdə iştirak edən Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Cənab Şahin Məmmədov çıxışında qeyd etdi ki, insanların hamısı eyni olmur. Fiziki cəhətdən sağlam olanlarla yanaşı, əlillər də vardır. Əlillik eyib sayılmamalıdır, çünki bu insanlar fiziki cəhətdən tam olmasalar da, onlarda da nəcib ürək, saf insani keyfiyyətlər, yüksək bilik, bacarıq və intellektual qabiliyyətlər vardır.İndi dünyada xeyli əlil var. Əlbəttə, onların bir hissəsi XX əsrin ən dəhşətli fəlakəti sayılan İkinci Dünya müharibəsinin, Birinci Qarabağ müharibəsinin, erməni soyqırımının və terrorunun nəticəsidir. Əlillər əhalinin başqa təbəqələri ilə müqayisədə daha çox sosial müdafiəyə, mənəvi dəstəyə, humanist münasibətə möhtacdırlar. Bu insanlar hətta maddi cəhətdən təmin olunsalar belə, isti münasibət, doğmalardan və yadlardan qayğı, mərhəmət və diqqət umurlar.
Ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir. Bu barədə bir sıra dövlət əhəmiyyətli proqramlar həyata keçirilmişdir. Əlillər mənzil, maşın, əlil arabaları ilə təmin olunur, müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və bərpa kursları keçirlər.
Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 dekabr - Beynəlxalq əlillər günü Ümummilli Lider Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman göz qabağındadır. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunub, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılıb.
ƏƏSMN-nin müvafiq Əmri ilə təsdiqlənmiş “2015-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq həyata keçirilən bu tədbir respublika üzrə 546896 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqdan 8700 nəfərini əhatə edir. Ağcabədi rayonu üzrə 10535 nəfər əlilliyi olan və SİM uşaqlardan 165 nəfərinə maddi yardım göstərilib.Bugünədək Ağcabədi rayonu üzrə növbədə duran 55 nəfər Qarabağ müharibəsi əlili və onlara bərabər tutulan şəxslər müvafiq icra hakimiyyəti tərəfindən avtomobillə təmin edilmiş, 2015-ci ilin noyabr ayına 9 nəfər növbədədir.
Ağcabədi rayonu üzrə növbədə duran 76 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailələrinə müvafiq icra hakimiyyəti tərəfindən yaşayış evi və 24 nəfər fərdi mənzillə təmin edilmiş, 2015-ci ilin noyabr ayına 127 nəfər növbədədir.
2015 ci ildə 45 nəfər əlilliyi olan Ağcabədi rayon sakini sanator kurort putyevkaları ilə təmin edilmişdir.Eyni zamanda 2015 ci ildə Bakı Protez Ortopedik Mərkəzinin səyyar xidmət qrupu tərəfindən 76 nəfər Ağcabədi rayon sakininə xidmətlər göstərilmişdir.
Tədbir Ağcabədi rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı konsert proqramı ilə davam etmişdir.