14 fevral 2013-cü il tarixdə Ağcabədi rayonunda 2012 -ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrlə əlaqədar Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.
14 fevral 2013- cü il tarixdə saat 10:30 –da Ağcabədi Rayon İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsinin önündə və Y. Məmmədov adına Rayon Mədəniyyət Evində 2012 -ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrlə əlaqədar Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Pənah Cahangirov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tahir Rzayev iştirak etmişdir.
Eyni zamanda tədbirdə rayonun idarə, müəssisə, hüquq – mühafizə orqanlarının rəhbərləri, ərazi icra nümayəndələri , bələdiyyə sədrləri,məktəb direktorları, YAP ərazi təşkilatının sədrləri,sahibkarlar, fermerlər, veteranlar, gənclər təşkilatının nümayəndələri, qeyri – hökümət təşkilatının nümayəndələri iştirak etmişdir.
Tədbir İştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyəti binası qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, onun xatirəsinin yad etdilər.
Sonra tədbir Rayon Mədəniyyət Evində davam etdirilmişdir. İlk öncə tədbir iştirakçıları və qonaqlar Mədəniyyət evinin foyesində təşkil olunmuş kənd təsərrüfatı məhsulları sərgisi və rayonun sosial –iqtisadi göstəricilərini əks etdirən fotostendlə tanış oldular.
Tədbiri Ağcabədi rayonu İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov açaraq geniş məruzə ətrafında hazırlanan video görüntü gələn qonaqlara nümayiş etdirilmişdir. Rayon rəhbəri çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 15 yanvar 2013-cü ildə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda qeyd olunmuşdur ki, 2012-ci ildə də qlobal iqtisadi böhran şəraitində ölkə iqtisadiyyatı Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində mənfi xarici iqtisadi təsirlərə dayanıqlılıq nümayiş etdirmiş, əvvəlki illərdə olduğu kimi iqtisadi artımın davamlılığı təmin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev islasdakı nitqində bildirmişdir ki, “Bütövlükdə ötən il ölkə iqtisadiyyatı üçün çox uğurlu il olmuşdur.
Ağcabədi rayonu İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov bildirmişdir ki,əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf ölkəmizin hər bir bölgəsində olduğu kimi, Ağcabədi rayonunda da uğurla davam edir.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar Ağcabədi rayonunda 17 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Dövlət Proqramında nəzərdə tutulan pambıqçılıq, taxılçılıq və heyvandarlıq məhsulları istehsalının və kiçik emal müəssisələrinin inkişafının dəstəklənməsi tədbiri ilə əlaqədar taxılçılıq və heyvandarlıq məhsulları istehsalı artmış, Ağabəyli kəndi ərazisində sutkalıq istehsal gücü 250 ton olan “Atena” MMC-nin süd məhsulları kombinatı, Ağcabədi şəhəri ərazisində sutkalıq istehsal gücü 20 ton olan Ağcabədi Süd emalı zavodu, Ağabəyli kəndi ərazisində 5000 ton tutumu olan taxıl məhsullarının saxlanması və təmizlənməsi üzrə anbar kompleksi, Aşağı Avşar kəndi ərazisində tutumu 1000 ton olan soyuducu anbar tikilib istifadəyə verilmişdir. Xocavənd kəndi ərazisində illik istehsal gücü 15000 ton olan ət kəsimi kombinatı və Rəncbərlər kəndi ərazisində 5000 ton olan soyuducu anbarın, Ağcabədi şəhərində sutkalıq istehsal gücü 10 ton olan çörək zavodunun tikintisi aparılır.
RİH –nin başçısı cənab Şahin Məmmədov tədbir iştirakçılarının nəzərinə onu da çatdırdı ki, Dövlət Proqramında nəzərdə tutulan Ağcabədi şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və kanalizasiya sisteminin yaradılması işlərinin aparılması maliyyə vəsaiti ayrılmadığından icra edilməmişdir.
Hesabatın yekununda Ağcabədi rayonu İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov vurğuladı ki, Ağcabədi Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarını, regionlara səfəri zamanı verdiyi tapşırıq və tövsiyələri, Nazirlər Kabinetinin 15 yanvar 2013-cü il tarixli iclasında 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2013-ci ildə qarşıda duran vəzifələrlə əlaqədar nitqindən irəli gələn tapşırıqları əldə rəhbər tutaraq rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsini, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişaf etdirilməsini, sahibkarlığın inkişafını, əhalinin içməli su, enerji və təbii qazla təminatının yaxşılaşdırılmasını, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını təmin etməklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməklə qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəkdir.
Yığıncaqda daha sonra Rayon Telekommunikasiya Qovşağının rəisi Miriş Ağamirov, Rayon Mərkəzi xəstəxanasının baş həkimi Novruz Abbasov, Gənclər və İdman idarəsinin rəisi Rüfət Quliyev, RİHB-nın Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sahib Allahverdiyev, Rayon Sahibkarlar Şurasının sədri Mülhazil Balakişiyev,Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsinin müdiri Abbas Süleymanov,Rayon Təhsil şöbəsinin müdiri Mehdi Əhmədov,Qaravəlli bələdiyyəsinin sədri Kazım Gülmalıyev görülmüş işlər və qarşıda duran vəzifələr barəsində hesabat xarakterli çıxışlar etmişlər. Hesabat xarakterli çıxışlarında natiqlər qeyd etmişdirlər ki, Respublikamızda, eləcə də rayonumuzda Dövlət qayğısının nəticəsi olaraq əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından xeyli işlər görülmüşdür. Hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Son illər Ağcabədi rayonunda aparılan yenidən qurma işləri və abadlıqlar, yaşıllaşdırma işlərinin genişləndirilməsi rayonun daha da inkişaf etməsinə təkan vermişdir.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Pənah Cahangirov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tahir Rzayev çıxış etmişlər.
Hesabat yığıncağında Rayonu İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov tərəfindən “Azərbaycan Respublikasında dövlət qulluqçularının təltif edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2012- ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Əsədov Taryel Məmməd oğluna medalı təqdim olundu və ona dövlətimizin möhkəmlənməsi və inkişafı yolunda apardığı ictimai – siyasi fəaliyyətində uğurlar arzulandı
. Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul olunmuşdur.
Tədbirdə 370 nəfər iştirak etmişdir.