“Qafqaz Albaniyasına səyahət” layihəsi iştirakçıları Ağcabədi rayonunda Qalatəpə ərazisində olmuşlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Multikulturalizm Mərkəzinin və Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə azərbaycanlı tələbələrimizlə yanaşı, müxtəlif xarici ölkələrdən (İtaliya, Polşa, Ukrayna, Pakistan, Türkiyə, Qazaxıstan) gəlib Bakının ali məktəblərində təhsil alan tələbələr 31.10.2015-ci il tarixdə, “Qafqaz Albaniyasına səyahət” layihəsi çərçivəsində Ağcabədi rayonunda Qalatəpə ərazisində olmuşlar.
Azərbaycan tarixinin qədim və erkən dövrlərini əhatə edən Qafqaz Albaniyası özünün antik yaşayış məskənləri ilə hal-hazırda hamının dıqqətini cəlb edir. XX əsrin son rübündə Azərbaycanın müasir sivilizasiyanın ən qədim beşiklərindən olduğunu dünya elminə sübut edən arxeoloq-alimlərimiz, tariximizin açılmamış səhifələrini araşdıraraq, Azərbaycan tarixinin öyrənilməmiş səhifələrinin izi ilə gedib antik və erkən orta əsrlər şəhər mədəniyyətini tədqiq ediblər. Antik şəhərlər üzə çıxardıblar. XX əsrin 70-ci illərindən başlayaraq, bu məsələ Azərbaycan arxeoloqlarının diqqətini cəlb etsə də Azərbaycanda, qədim dövrdə, salınmış antik yaşayış məskənləri ciddi şəkildə son illərdə arxeoloqlarımız tərəfindən öyrənilməyə başlayıb. Mənbələrdə göstərilən koordinatlara uyğun olaraq, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Çöl tədqiqatları” sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyevin rəhbərlik etdiyi Mil-Qarabağ arxeoloji ekspedisiyası 2008-ci ildən etibarən Qalatəpədə tədqiqatlar aparmağa başlayıb və aparılan arxeoloji qazıntılar bu abidənin antik və orta əsrlərə (e.ə.III – b.e.-nın XIII əsrinin əvvəllərinə) aid şəhər məskəni olduğunu təsdiq edib. Tədqiqatlar zamanı Qalatəpədə (Ayniana –Yunan) aşkar edilmiş nekropoldan əldə edilən artefaktlar Azərbaycanın qədim əhalisinin – albanların Ellin-Roma aləmi ilə sıx əlaqələrini göstərib. Bütün bu tarixi faktlar, Qalatəpədə qazıntı nəticəsində aşkar edilən nekropol əyani surətdə xarici ölkə tələbələrinə və öz gənclərimizə göstərilmişdir.