Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı Ağcabədi rayonunda keçirilmişdir
21 sentyabr 2015-ci il tarixdə saat 14:30 – da Ağcabədi rayonu Ü. Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “ Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı” çərçivəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı ilə çıxış etmişdir.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov, millət vəkilləri Tahir Rzayev, Aqil Abbas,rayonun idarə, müəssisə, hüquq – mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak etmişdir.
Əvvəlcə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, böyük bəstəkarın musiqisinin pərəstişkarları Üzeyir Hacıbəylinin Qarabağ Muğam Mərkəzinin həyətindəki abidəsini ziyarət edərək, önünə çiçək dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildirmişlər.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva, Xalq Artisti Ağaverdi Paşayev və digər çıxış edənlər dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin yaradıcılığından, milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən danışmışdırlar.
Daha sonra Xalq Artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin, Dövlət Rəqs Ansamblı və Azərbaycan Dövlət Musiqili Teatrının həmçinin Ağcabədi şəhər incəsənət məktəbinin və Qarabağ Muğam Mərkəzinin ifaçıları tərəfindən dahi bəstəkarın əsərlərindən parçalar səsləndirilmişdir. İfa edilən mahnılar, muğam və təsniflər,rəqslər, “Arşın mal alan”, “O olmasın, bu olsun” operalarından parçalar tamaşaçılarda xoş ovqat yaratmışdır.
Sentyabr ayının 28-dək davam edəcək bu festivalda musiqisevərlər Üzeyir Hacıbəyli ilə yanaşı, digər tanınmış bəstəkarlarımızın da əsərlərini dinləyə biləcəklər.