5 dekabr-Beynəlxalq Könüllülər Günü qeyd edilib
Ağcabədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı, və Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin birgə əməkdaşlığı ilə 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov könüllülük fəaliyyətinin əhəmiyyətindən söz açaraq ölkədə mötəbər tədbirlərin keçirilməsində könüllülərin aparıcı qüvvə olduqlarını vurğulayıb. Bildirib ki, Müasir müstəqil Azərbaycanda könüllülük sahəsində əsl inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Belə ki, dahi öndərin ölkəmizə rəhbərliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektor, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verilib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Ceyhun Mamedov çıxış edərək vurğulayıb ki, könüllülük fəaliyyəti yeni təcrübə, dünyagörüşü, sosiallaşma, uğurlu karyera yolu, komandada işləmə və ünsiyyət qurma bacarığı sahəsində gənclərə özlərini inkişaf etdirməyə dəstək olur. Onların gələcək həyat fəaliyyətinin stimullaşdırılmasına xidmət edir. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir.
GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı 44 günlük Vətən müharibəsi zamanı könüllü olaraq ordu sıralarına qatılıb Vətən torpağının hər qarışı uğrunda döyüşən şəhid və qazilərimizin timsalında bütün könüllüləri təbrik edib. Qeyd edib ki, Azərbaycan könüllüləri üçün ən həlledici sınaqlardan biri də 44 günlük Vətən müharibəsi oldu. Məhz yüzlərlə könüllü Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusunun sıralarına yazılaraq torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda döyüşlərə atıldılar. Könüllülərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.
Digər çıxış edən Ağcabədi “Asan xidmət” mərkəzinin könüllüsü Bəhlul Həsənov, ADPU-nun Ağcabədi filialının tələbəsi, könüllü Aytən Hüseynli Ağcabədi Pedoqoji Kollecinin tələbəsi, könüllü Ləman Nəzərova çıxışlarında qeyd ediblər ki, könüllülük fəaliyyətinin gənclərin dünyagörüşünün artmasında mühüm rol oynamaqla yanaşı, onlarda şəffaflığı, operativliyi, məsuliyyəti, ətrafda baş verən hadisələrə daha həssas yanaşmağı, gülərüz və səbrli olmağı öyrədib.
Sonra il ərzində aktiv fəaliyyətinə görə fərqlənən könüllülərə təşəkkürnamələr təqdim edilib.
Tədbirin sonunda könüllülərin fəaliyyətini əks etdirən film nümayiş olunub.