Şriftin ölçüsü :

Saytın rəngi :

“Ordu ilə xalqın birliyi sarsılmazdır”

14 sentyabr 2015 | 10:00

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham     Əliyevin təsdiq etdiyi plana əsasən komanda qərargah hərbi oyunları uğurla davam edir. Azərbaycan ordusunun güc və qüdrətinin, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəlməsini nümayiş etdirən bu irimiqyaslı təlimlər xalqımızın vətənpərvərlik ruhunu, orduya və hazırda işğal altında olan torpaqlarımıza böyük qayıdışa inam hissini daha da artırıb.

     Ağcabədi rayonunda dörd mindən çox sakinin iştirakı ilə keçirilən tədbir xalqımızın orduya, qələbəyə olan  inam hissini göstərdi.

      Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin  abidəsini  ziyarət etdilər.

     Komanda qərargah hərbi oyunlarından tədbirə gələn Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani ordumuzun arxasında bütün xalqın durduğunu və Azərbaycan əsgərinin bundan güc aldığını vurğulayıb. A.Qurbani ordu ilə xalqın həmrəyliyini yüksək qiymətləndirərək, Müdafiə Nazirliyi rəhbərliyinin və Silahlı Qüvvələrin şəxsi heyətinin minnətdarlığını ağcabədililərə  çatdırıb.

     Bildirilib ki, sentyabrın 6-dan başlayan hərbi oyunlar çərçivəsində birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsini yoxlamaq məqsədilə ehtiyatdan çağırılmış 6 mindən artıq hərbi vəzifəli toplanışa cəlb olunub. Səfərbərlik və Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinin, icra strukturlarının, hərbi hissələrin qarşısına toplaşan yüzlərlə müharibə veteranı, gənclər nəinki təlimlərə qoşulmaq, eləcə də işğal altında olan torpaqların azad edilməsi uğrunda döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər.

     Ağcabədi  Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov çıxışında bildirib ki, Milli Ordumuzun əsgər və zabitləri respublikanın təhlükəsizliyini, əhalinin əmin-amanlığını və mühafizəsini təmin etmək, ölkəmizin sərhədlərini sudan, qurudan, havadan qorumaq , Ermənistan silahlılarının nəzarət etdiyi torpaqlarımızı işğaldan azad, ərazi bütövlüyümüzü bərpa etmək iqtidarındadır.

     Qarabağ müharibəsi veteranları, gənclər çıxışlarında getdikcə daha da güclənən Azərbaycan ordusu ilə qürur duyduqlarını və işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda müqəddəs döyüşlərə hazır olduqlarını bəyan ediblər.

     “Ordu ilə xalqın birliyi sarsılmazdır” ,”Ağcabədililər Qarabağ uğrunda Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdır” kimi şüarların səsləndirildiyi tədbir vətənpərvərlik mahnılarının müşayiəti ilə başa çatıb.

Keçidlər