AŞPA məruzəçisi xanım Meliça Markoviç və onu müşaiyət edən nümayəndə heyəti 27.08.2015-ci il tarixdə Ağcabədi Rayonunda səfərdə olub.
Azərbaycanda səfərdə olan “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” üzrə AŞPA məruzəçisi xanım Meliça Markoviç və onu müşaiyət edən nümayəndə heyəti 27.08.2015-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Cənab Şahin Məmmədov ilə görüş keçirib.
Görüşdə Sərsəng su anbarının Ermənistanın işğalı altında olması səbəbindən su anbarının təsiri altında olan 6 rayonun - Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Tərtər və Yevlax rayonlarının sosial-iqtisadi vəziyyətində baş vermiş dəyişikliklər, bu regionda yaşayan əhalinin içməli su çatışmazlığından əziyyət çəkməsi müzakirə olunub.
Həmçinin görüş zamanı regionda kənd təsərrüfatının su qıtlığı səbəbindən böhran içərisində olması, ərazidə biomüxtəlifliyin pozulması, Su anbarına və onun qurğularına 20 ildən artıq müddətdir ki, texniki xidmət göstərilmədiyi üçün qəza vəziyyətində olması səbəbindən onun aşağı axımında yerləşən ərazilərin əhalisi üçün ciddi təhlükə yaratması və sair bu kimi mühüm məsələlər müzakirə edilib.