Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi Ağcabədi rayonunda olmuşdur.

17 avqust 2015 | 10:00

 

   Yaponiya Hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçirilən “Ağcabədinin 10 kəndində suvarma sisteminin bərpası” layihəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə avqustun 15-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində keçirilən tədbirdə Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər.

Mərasimdə çıxış edən səfir Tsuquo Takahaşi həyata keçirilən layihələri Yaponiya-Azərbaycan dostluğunun nümunəsi adlandırıb. O, əminliklə bildirib ki, layihə rayonda kənd təsərrüfatının inkişafına, məhsuldarlığın artmasına töhfə verəcək.

Məlumat verilib ki, “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində indiyədək Azərbaycanın bölgələrində yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin yüksəldilməsi ilə əlaqədar ümumi dəyəri 17 milyon 223 min 886 ABŞ dolları olan 202 layihə üzrə qrant müqaviləsi imzalanıb. Yaponiya hökuməti indiyədək Ağcabədi rayonunda üç layihə həyata keçirib. Bu isə dördüncü layihədir.

Diqqətə çatdırılıb ki, yeni layihənin məqsədi Ağcabədinin Hindarx qəsəbəsində, Biləğan, Boyat, Şərəfxanlı, Sərvanlar, Arasbar, Minəxorlu, Hacılar, Qaraxanlı, Köyük kəndlərində suvarma məqsədi ilə istifadə olunan quyuları bərpa edərək, 458 hektar sahədə məhsuldarlığı artırmaqdır. Ümumi məbləği 103 min 44 ABŞ dolları təşkil edən layihədən 285 ailə bəhrələnəcək.

Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və Milli Məclisin deputatı Aqil Abbas həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə minnətdarlıqlarını bildiriblər.

    Bundan başqa səfir Ağcabədi rayonu Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində, Gənclər Mərkəzində və digər rayonun görməli yerlərində olmuşdur.

 

Keçidlər