Ağcabədi rayonunun Avşar və Salmanbəyli kəndlərində mavi yanacağın verilməsi ilə əlaqədar açılış olmuşdur.
25 yanvar 2013- cü il tarixdə saat 11:30 –da Ağcabədi rayonu Avşar kəndində smart tipli sayğac quraşdırılmış 1250 abonentə, saat 12:30 –da Salmanbəyli kəndində mexaniki sayğac quraşdırılmış 450 abonentə mavi yanacağın verilməsi ilə əlaqədar açılış olmuşdur.
Tədbirdə Azəriqaz İstehsalat Birliyinin İctimai Əlaqələr şöbəsinin rəisi Araz Ağayev, Azəriqaz Tikinti Departamentinin rəis müavini Fuad Şükürov, “ Qlobal Servis” MMC –nin direktoru Rafiq Məhərrəmov və “ Alp 2010” MMC-nin direktoru Kamil Əhmədov iştirak etmişdir.
Tədbiri Ağcabədi Qaz İstismarı Sahəsinin rəisi əvəzi Novruz Bayramov açmış və qeyd etmişdir ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Əhalinin həyat şəraitinin yüksəldilməsi üçün dövlətimiz tərəfindən xeyli görülür və sürətlə başlayan inkişaf nəticəsində ölkəmiz lider ölkələr sırasında bayrağını qürurla dalğalandırır.
Bunun da bariz nümunəsidir ki, bu gün Avşar və Salmanbəyli kəndlərinə təbii qazın verilməsi təmin olunmuşdur. Hər iki kəndin bütün əhalisinin mavi yanacaq ilə təmin olunması bütün regionlarımızda dövlətimiz tərəfindən həyata keçirilən modern inkişaf və müasirləşmə imkanlarının sübutudur və əhaliyə dövlət qayğısının bariz nümunəsidir. Bizim üçün yaradılan bütün imkanlar üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədova minnətdarlığımızı bildiririk.
Tədbirdə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov bildirmişdir ki, son illərdə Respublikamızda, eləcə də rayonumuzda Dövlət qayğısının nəticəsi olaraq əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından, problemlərinin aradan qaldırılması üçün xeyli işlər görülmüşdür.
Rayon rəhbəri qeyd etdi ki, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olması bu gün dövlətimizin əsas inkişaf meyarlarını səciyyələndirən amillərdən biridir.
Çıxışının sonunda Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına diddət və qayğıya görə rayon əhalisi və öz adından minnətdarlığını bildirmişdir.
Tədbirdə Şənlik və Nəcəfqulubəyli kəndlərinin ağsaqqalları və ziyalıları, qonaqlar çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə 1960 nəfər iştirak etmişdir.