Ağcabədi şəhər S.Vurğun adına 4 saylı tam orta məktəbdə “ Əlifba bayramı” qeyd edildi.
Ulu öndər Heydər Əliyevin 92-ci il dönümü münasibətilə Ağcabədi şəhər S.Vurğun adına 4 saylı tam orta məktəbin 1 b sinif şagirdləri Əlifba bayramlarını qeyd etdilər. Məktəblilər bir ildə öyrəndiklərinin hesabatını çətin də olsa bir gündə verməyə çalışdılar. Tədbiri məktəbin direktoru Sadiq Əliyev açaraq uşaqlara hər zaman səslərinin ali məktəbələrdən gəlməsini, gələcək təhsil yollarında müvəffəqiyyət arzuladı. Çıxışdan sonra uşaqlar Azərbaycan Dövlət Himnini oxudular. Tədbirin rəsmi hissəsindən sonra istedadlı uşaqlar bir–birindən gözəl milli və əcnəbi rəqs nümunələri, bir–birindən gözəl və maraqlı səhnəciklər göstərərək gələn qonaqların zövqünü oxşadılar. Hər səhnəciyə özəl olaraq dekorun və paltarların hazırlanması yüksək təşkilatçılıqdan xəbər verirdi. Dilli-dilavər, balaca, gözəl uşaqların onlara verilən rolları məharətlə oynamaları özlərindən çox Kəmalə müəllimənin əməyinin bəhrəsi idi. Uşaqların xüsusi intonasiya və pafosla söylədikləri Vətənə, anaya, müəllimə aid şeirləri valideyinlər və müəllimlərin xüsusi marağına səbəb oldu. Şeir deyib mahnı oxumaqdan bir an belə yorulmayan məktəblilərin verdiyi bu hesabat tədbirində bir daha sübut olundu ki, Vətənin gələcəyi etibarlı əllərdədir. Uşaqların belə gözəl çıxışlarını görən valideynlərin qürur hissi gözlərindən oxunurdu. Dünənə kimi ana quzusu olan övladlarının bu gün sərbəst şəkildə özlərini ifadə etdiklərini və müəyyən kütlə qarşısında utanıb sıxılmadan istedadlarını nümayiş etdirə bilmələri anaların ikiqat sevincinə səbəb olmuşdu. Sonda 1 B sinfinin sinif rəhbəri Kəmalə Əhmədova uşaqları Əlifba bayramı münasibətilə təbrik etdi. Onlara həyatda ən önəmli olan can sağlığı, dərslərində müvəffəqiyyətlər arzuladı. Kiçik balalarının səslərinin hər zaman yüksəklərdən gəlməsini, həmişə Vətənə millətə xeyirli övlad olmalarını dilədi.