Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Avropa Oyunlarının məşəlinin növbəti ünvanı - Ağcabədi

10 may 2015 | 10:00

Mayın 10-da Ağcabədi şəhərindəki Heydər Əliyev adına parkın qarşısında məşəlin təntənəli qarşılanma mərasimi keçirildi.

Rayonun minlərlə sakininin alqış sədaları altında Yeni Azərbaycan Partiyası rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Radə Qafarova birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdikdən sonra 3,5 kilometr məsafədə yürüş başlandı. Üzeyir Hacıbəyli və Heydər Əliyev prospektləri boyunca hərəkət edərək Heydər Əliyev adına mərkəzi meydana gələn məşəlçilər rayon sakinləri tərəfindən sevinc və hərarətlə qarşılandı. Sonuncu yürüşçü – rayon gənclər və idman idarəsi rəisinin müavini Eldəniz Qənbərov səhnəyə qalxaraq, məşəli alovlandırdı. Oyunların burada yandırılan çırağını 1 nömrəli tam orta məktəbin şagirdi Minayə Əkbərova rayon ictimaiyyətinə təqdim etdi. Çıraq Birinci Avropa Oyunlarının sonunadək rayonda qalacaq.

Mərasimdə aprelin 26-da Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Yürüşdə iştirak edən sonuncu məşəlçi Eldəniz Qənbərov məşəli alovlandırdı və çıxış edərək qeyd etdi ki, Məşəli alovlandırmaq mənə nəsib olduğu üçün sevincimin həddi-hüdudu yoxdur. Birinci Avropa oyunlarında Azərbaycan idmançılarına uğurlar arzulayıram. Qoy yarışlarda üç rəngli, ay-ulduzlu bayrağımız ucalsın, dövlət himnimiz səslənsin”.

Keçidlər