“Regionlarda intellektual inkişafa dəstək” adlı fərdi layihənin icrası başa çatdı.
Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi,Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Ağcabədi gənci Asim Mirzəxanlının rəhbərlik etdiyi “Regionlarda intellektual inkişafa dəstək” adlı fərdi layihənin icrası başa çatdı. Layihənin əsas məqsədi, region gəncləri arasında müxtəlif əyləncəli, məntiqi və intellektual yarışlar təşkil etməklə, gənclərdə cəld və düzgün qərar qəbul etmə keyfiyyətlərinin və intellektual səviyyənin qeyri-formal yolla inkişafına dəstək olmaq və intellektual şəbəkələşmə prosesinə təkan verməkdən ibarətdir.
Layihə Ağcabədi rayonu uzrə 10 şəhər və 6 kənd (Gələbədin, Boyat, Şərəfxanlı, Xocavənd, Cəfərbəyli, Mehrablı kəndləri) orta məktəblərini əhatə edərək, tərkibi 6 nəfər olmaqla 8-11-ci sinif şagirdlərindən ibarət 64 komandanı (384 gənci) əhatə etmişdir.27 aprel 2015-ci il tarixində Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Muğam Mərkəzində layihənin final müsabiqəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Asim Mirzəxanlı Gənclər Fondu barədə tədbir iştirakçlarına geniş məlumat verərək digər gəncləri də Fondun müsabiqələrinə layihə təqdim etməyə çağırmışdır. Sonra layihədən bəhs edən film-slayd təqdim edilmişdir.Finala vəsiqə qazanmış 16 komanda arasından Ağcabədi şəhər 9 saylı tam orta məktəbin “Ağcabədi” komandası 3-cü yerə, Şəhər 8 saylı tam orta məktəbin “8 Saylı məktəb” komandası 2-ci yerə və Şəhər 1 saylı tam orta məktəbin “Bumeranq” komandası 1-ci yerə layiq görülərək yarışın kubokunu əldə etmişdir.Fərdi raundların 16 iştirakçısı arasından isə 9 saylı tam orta məktəbin şagirdi Qasımova Zərintac Vidadi qızı 1-ci, 4 saylı tam orta məktəbin şagirdi İsmayılov Kərəm Hafiz oğlu 2-ci və 1 saylı tam orta məktəbin şagirdi Ələsgərli Rəfi Fuad oğlu 3-cü yerin qalibi olmuşdur.Qaliblərə diplom və hədiyyələr təqdim edilmişdir. Layihənin yekun tədbirində münsif qismində iştirak edən Ağcabədi RİH İctimai-siyasi şöbənin nümayəndəsi Feruz Zamanov, Rayon təhsil şöbəsinin metodisti Feruz Rəfiyev, Gənclər və İdman idarəsinin rəis müavini Eldəniz Qəmbərov,AMİ Ağcabədi filialının müəllimi, “Xüsusi və ümumelmi fənlər kafedrasının müdiri, Pedaqogika üzrə fəlsəfə doktoru Tahir Kərimli ,Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin rəhbəri Radə Telmanqızı öz çıxışlarında layihəyə uğurlar diləyərək, bundan sonrada davamlı olmasını arzu etmişlər.