Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova aprelin 10-da Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Prezident İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşların qəbul olunması, onların problem və təkliflərinin öyrənilməsi və operativ həlli ilə əlaqədar verdiyi tapşırıqlara əsasən keçirilən qəbulda Ağcabədi, Tərtər, Füzuli, Bərdə, Goranboy, Ağdam, Laçın və Xocalı rayonlarından olan sakinlər iştirak edib.
Qəbulda Komitə sədri tərəfindən vətəndaşların fikir və təklifləri dinlənilib. Vətəndaşlar əsasən boşanmaların yaratdığı problemlər, qadın hüquqlarının müdafiəsi, sağlamlıq məsələləri ilə əlaqədar müraciətlər ediblər. Müraciətlərin bir çoxu elə yerindəcə həll edilib, bəzi məsələlər isə araşdırılmaq üçün nəzarətə götürülüb. Qəbula gələn sakinlər yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.