Ağcabədi rayonunda " ordu və xalq birdir " adlı tedbir keçirilmişdir.
Ağcabədi rayonunda Azərbaycan Müdafiə Nazirliyi və Ağcabədi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə MDB hökumət başçıları şurasının qərarına əsasən faşizm üzərində qələbənin 70 illiyinə həsr edilmiş “Ordu və xalq birdir” devizi altında bədii-təşviqat marafonunun açılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
İştirakçılar Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyduqdan sonra, Azərbaycanın hərb tarixində qəhrəmanlıq göstərən şəxslərin şəkillərinin əks olunduğu “Azərbaycan Böyük Vətən müharibəsi illərində” adlı foto sərgiyə tamaşa edib,sonra Böyük vətən müharibəsində iştirak edən müharibə veteranları ilə görüşüblər.
Sonra tədbir Heydər Əliyev meydanında ,”Xalq və Ordu birdir” devizi altında keçirilən Ümumrespublika bədii-təşviqat marafonunun növbəti mərhələsinə həsr olunmuş teatrlaşdırlmış kütləvi vətənpərvərlik mərasimi ilə davam etdirilib.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatı Aqil Abbas, Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani İkinci Dünya Müharibəsində qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətlərindən, son illər Azərbaycanda ordu quruculuğu və Böyük vətən müharibəsi veteranlarına göstərilən qayğıdan danışaraq, bildiriblər ki, azərbaycanlıların böyük vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlar xalqımızın gücündən xəbər verir. O, ordumuzun günü-gündən gücləndiyini və hər an ermənilər tərəfindən işğal olunan torpaqların geri qaytarılmasına hazır olduğunu bildiriblər.
Bildirilib ki, müharibə illərində azərbaycanlılar həm ön, həm də arxa cəbhədə fədakarlıqlar göstəriblər. Faşizm üzərində qələbəyə məhz xalqla ordunun birliyi sayəsində nail olunub.
Qeyd edilib ki, 1945-ci ildə faşizmin məğlubiyyətə uğradılmasında böyük rolu olmuş Azərbaycan xalqı tezliklə erməni faşizmi üzərində də qələbə qazanacaq. Azərbaycan Ordusunun maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin yüksək döyüş ruhu və ordu ilə xalqın birliyi sayəsində Silahlı Qüvvələrimiz işğal altındakı torpaqlarımızı azad edəcək.
Tədbirdə Mərkəzi Zabitlər Evinin mahnı və rəqs ansamblının, tanınmış incəsənət ustalarının ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər təqdim edilib. Böyük Vətən müharibəsinin başlanması, Azərbaycan oğullarının cəbhəyə yollanması kompozisiya və səhnəciklərlə canlandırılıb.
Sonra müharibə veteranlarının iştirakı ilə meydana 1945-ci ildəki qələbə bayrağı gətirilib. Xüsusi təyinatlı qrup döyüş bacarığını nümayiş etdirib.
Hərbi vətənpərvərlik ruhunda mahnı və rəqslərlə davam edən tədbirdə Böyük Vətən müharibəsi veteranlarına, həmçinin Qarabağ döyüşlərində həlak olmuş və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Belarusdan olan Anatoli Davudoviçin ailə üzvlərinə hədiyyələr təqdim edilib.