12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Ağcabədi rayonunda tədbir keçirilmişdir
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində yorulmadan fəaliyyət göstərən , müasir Azərbaycan intibahının başlanğıcını qoyan dahi şəxsiyyət kimi adını Azərbaycan xalqının qəlbinə və tarixinin çoxcildli salnamələrinin ən şərəfli səhifəsinə əməlləri ilə yazdıran böyük lider oldu. Ümummilli lider Heydər Əliyev öz xalqının firavan sabahının qurulmasında, milli – mənəvi dəyərlərinin qorunmasında bütün həyatını bu amal uğrunda mübarizəyə həsr edən əsl vətənpərvər, el atası kimi öz xalqının qəlbində qazandığı ülvi məhəbbəti ilə möhür vurdu. Azərbaycan dövlətinin hər bir zəfərində Heydər Əliyevin xidmətləri danılmazdır.
2003 - cü ilin 12 dekabr tarixi Azərbaycan xalqının hüznlü günlərindən biri olmuşdur. Çünki Azərbaycan dövlətini çətinliklərdən xilas edən, azərbaycançılıq məfkurəsini yaradan, çiçəklənən və inkişaf edən gələcəyimizin təminatçısı olan Ulu Öndər Heydər Əliyevi son mənzilə yola salmaq, öz oğlunu sevən bir xalq üçün asan deyildi.
Bu gün Ulu Öndər Heydər Əliyevin vəfatından 9 il ötür. Azərbaycanda , istərsə də Azərbaycandan kənarda da Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım günü mərasimləri keçirilir.
12 dekabr 2012 – ci il tarixdə saat 11:00 –da Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Ağcabədi rayonunda tədbir keçirilmişdir. Anım mərasimi Ağcabədi rayonunun Heydər Əliyev meydanında rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önündə olmuşdur. İlk öncə Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, sonra isə rayonun axundu Ümummilli Lider Heydər Əliyevin ruhuna dualar oxumuşdur .
Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı cənab Şahin Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərliyi və rayonun aparıcı müəssisələrinin rəhbərliyi tərəfindən Ulu Öndərin heykəlinin önünə əklillər qoyuldu.
Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı cənab Şahin Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərliyi və rayonun aparıcı müəssisələrinin rəhbərliyi, ziyarətə gəlmiş rayon ictimaiyyəti – ziyalılar, ağsaqqallar, gənclər Heydər Əliyev Mərkəzini ziyarət edərək, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuş və Mərkəzdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “ Şəxsiyyət “sənədli filminə baxmışlar.
10 000 nəfərin iştirak etdiyi anım mərasimində rayon sakinləri Heydər Əliyev meydanında Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli önünə təzə - tər qərənfillər düzərək , abidəsi önündə ehtiramla baş əyərək,Onun əziz xatirəsini hörmətlə yad etmişlər.
Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini,
İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov