25 fevral 2015-ci il tarixdə AMİ-nin Ağcabədi filialında Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfransı giriş sözü ilə açan filialın direktoru, dos. Mətanət Fərzəliyeva Xocalı faciəsi haqqında məlumat verərək bildirdi ki, o dəhşətli gündən 23 il ötür. Xocalıda baş verən qətliam bəşər tarixində bənzəri olmayan bir faciədir. Dünyada elə bir fakt yoxdur ki, ölmüş insanın meyitinə təcavüz edilsin, başının dərisi soyulsun, gözü çıxarılsın. Lakin belə bir fakt yox idisə, ermənilər öz çirkin əməlləri ilə bunu da tarixə yazdılar. Dos. M. Fərzəliyeva Xocalışəhidlərinin əziz xatirəsini anmaq üçün bir dəqiqəlik sükut elan etdi.
Sonra söz məruzəçilərə verildi.
“Xocalı soyqırımı bəşəriyyətə və insanlığa qarşı cinayətdir” mövzusunda məruzə edən filialın dosenti Məhəmməd Hüseynov 26 fevral 1992-ci ildə baş vermiş qeyri-insani bir faciənin ən kiçik ayrıntılarına qədər konfrans iştirakçılarının nəzərinə çatdırdı. O qeyd etdi ki, ermənilərin Xocalıya qarşı hücum planı faciənin törədildiyi vaxtdan çox illər əvvəl hazırlanmışdı. Xocalı əvvəlcə iqtisadi, sonra isə hərbi blokadaya salınaraq tamamilə yer üzündən silinməli idi.
Məruzəçi, Xocalı şəhərinin müdafiəçiləri içərisində şəxsən tanıdığı Milli Qəhrəmanlarımız Tofiq Hüseynov və Əlif Hacıyevinfədakarlıqlarından danışdı. Son damla qanlarına qədər Xocalını müdafiə edən belə oğulların müqəddəs ruhları qarşısında baş əydiyini bildirdi.
Dos. M. Hüseynov onu da bildirdi ki, vaxtilə Xocalıda dəhşətli qətliamı törədənlər bu gün yüksək vəzifələrdə çalışaraq dünya ictimaiyyəti qarşısına çıxır. S. Sarkisyan və S. Ohanyan dünyanın ən böyük faciəsi olan Xocalı faciəsinin iştirakçıları olaraq ədalət məhkəməsində ittiham olunmaq yerinə,yüksək tribunalarda öz iyrənc əməllərinə haqq qazandırmaqlaməşgüldurlar.
Xocalı faciəsi öz mahiyyəti, miqyası etibarilə dünyada baş verən faciələrin daha dəhşətlisidir. Məruzəçi, bu faciəni təkcə Azərbaycan xalqının faciəsi deyil, bəşəriyyətin, insanlığın faciəsi adlandırdı.
Daha sonra Xocalı faciəsinin dəhşətlərini lentə köçürən Milli Qəhrəmanımız Çingiz Mustafayevin adını xüsusi ehtiramla yad edən məruzəçi qeyd etdi ki, bu gün Azərbaycan xalqı məhz düşmənin əməllərini həmin fotoşəkillər və videolentlər əsasında dünya ictimaiyyətinə çatdırır.
Növbəti məruzə üçün söz, filialın baş müəllimi Araz Əliyevə verildi. “Azərbaycanlıların soyqırımının Xocalı səhifəsi” mövzusunda məruzə edən A. Əliyev Xocalının tarixi keçmişindən danışdı və bu torpaqların əcdadlarımızın orta tunc dövründə yaşayış məskəni olduğunu dəqiq faktlarla sübuta yetirdi. Məruzəçi, Gülüstan və Türkmənçay sülh müqavilələrindən sonra Azərbaycan ərazisində yerləşdirilən ermənilərin zaman keçdikcə böyük Ermənistan xülyası ilə yaşadıqlarını və bu yolda hər cür çirkin əməllərə imza atmalarını tarixi faktlar əsasında açıqladı. Ermənilərin bir-birinin ardınca törətdikləri qırğın və faciələrdən danışan A. Əliyev bildirdi ki, Xocalı faciəsi tarixən yaşanmış faciələrimizin bir səhifəsi olmaqla, daha dəhşətli və ağlasığmazdır. Xocalıda əsir düşənlərin bir çoxunun aqibəti hələ də bilinmir və dünya birliyi bu ədalətsizliyə göz yumur. Biz yalnız o zaman mənəvi rahatlıq tapa bilərik ki, vətənimizi erməni tapdağından təmizləyək və zəfər bayrağımızı Şuşada, Xankəndində və Xocalının səmasında dalğalandıraq. Buna görə də Ali Baş Komandanımız, cənab İlham Əliyevin ətrafında sıx birləşməli və hər an onun döyüş əmrinə hazır olmalıyıq.
“Xocalı soyqırımı... Qan yaddaşımız” mövzusunda məruzə edən, filialın baş müəllimi, ped.ü.f.d. Tahir Kərimli bildirdi ki, Xocalı soyqırımı bəşər faciəsi olmaq etibarilə yaddaşlardan heç vaxt silinməyəcək. Doğrudur, dünya dövlətləri hələ də bu faciəyə ikili standartlarla yanaşır. Lakin gün gələcək, bu faciənin dəhşətlərini hər bir millətin nümayəndəsi yaxşı anlayacaq. Bu, sadəcə olaraq bir arzu, istək deyil. Respublikamızın Prezidenti, cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət, Heydər Əliyev Fondunun Prezidenti Mehribanxanım Əliyeva və Fondun Vitse-Prezidenti Leyla xanım Əliyevanın Xocalı həqiqətlərinin dünyaya tanıdılması yönündə apardıqları əməli fəaliyyət bizi daha əminliklə danışmağa ruhlandırır.
Məruzəsinin sonunda T. Kərimli dünya ictimaiyyətini ikili mövqedən daşınmağa, xalqımızı ölkə rəhbərliyinə daha da yaxın olmağa və gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə olunmağa çağırdı.
Sonra məruzə ətrafında çıxışlar dinlənildi.
Filialın Pedaqoji fakültəsinin tələbələri – Anar Adığözəlov, Röya Mədətsoylu, Zərinə Hacızadə və Anar Əliyev məruzə ətrafında çıxış edərkən gəncliyin coşğun ruhunu, düşmənə qarşı barışmaz mövqeyini və vətəninə, xalqına bağlılığını bir daha sübuta yetirdilər.
Bununla da elmi-praktik konfrans öz işini başa çatdırdı.