Ağcabədidə “Xocalı həftəsi” adlı aksiya davam edir.
Ağcabədidə fevralın 20-dən başlayan “Xocalı həftəsi” aksiyası çərçivəsində növbəti tədbir Hindarx qəsəbə 3 saylı kənd tam orta məktəbində təşkil edilmişdir.Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Xocalı şəhidləri başda olmaqla, torpaqlarımız uğrunda şəhid olan bütün həmvətənlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xocalı soyqırımı haqqında geniş məlumat verib. O, bildirib ki, o gecə mühasirəyə alınan Xocalıda qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.
Daha sonra faciə haqqında YAP Qadınlar Şurasının üzvü Nərminə Əkbərova çıxış edərək şagirdləri “Qan yaddaşımızı” unutmamağa çağırıb.
Tədbirdə “Xocalı faciəsi” adlı kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.