Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilmişdir.

30 yanvar 2015 | 11:00

30 yanvar 2015- ci il tarixdə saat 11:00 –da 2014- cü ilin yekunları və 2015- ci ildə qarşıda duran vəzifələrlə əlaqədar Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aqil Əliyevin hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağında Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Cənab Şahin Məmmədov və Rayon Polis şöbəsinin rəisi Şamil Seyidli  iştirak etmişdir. Hesabatını məruzə edən Ağcabədi şəhər icra nümayəndəsi Aqil Əliyev hesabat məruzəsində Ağcabədi şəhərində tikinti-abadlıq, quruculuq işlərinin davam etdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Ağcabədi şəhərinin ərazisi 1546 hektar, əhalisi 41 min 204 nəfərdir. Hesabat ilində Ağcabədidə 3 yeni məktəb binası tikilib, 1 məktəb binası əsaslı təmir olunub, prospekt və küçələrdə geniş abadlıq işləri aparılıb, yeni yaşıllıqlar salınıb. Ağcabədi rayon yanğından mühafizə hissəsi üçün yeni bina inşa edilib, çörək zavodunun və 100 yerlik şəhər 4 saylı uşaq bağçasının binasında tamamlama işləri aparılır. Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir.

Qeyd olunub ki, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik hesabat ilində 11 tam orta məktəbin, 7 uşaq bağçasının, kommunal xidmət və mənzil istismar idarəsinin və yaşıllaşdırma sahəsinin təsərrüfat fəaliyyətini həyata keçirib. Bu dövrdə infrastrukturun yaxşılaşdırılması, əhalinin problemlərinin həlli, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Heydər Əliyev prospektində 128 saylı beşmərtəbəli 50 mənzilli, 365 saylı ikimərtəbəli 16 mənzilli, Ü.Hacıbəyli prospektində 69 saylı beşmərtəbəli 50 mənzilli, İ.Qayıbov küçəsində 15,16 saylı ikimərtəbəli 16 mənzilli, N.Abdullayev küçəsində 2 saylı ikimərtəbəli 16 mənzilli yaşayış binaları əsaslı təmir edilib, küçələrin təmizliyi, məişət tullantılarının təmizlənməsi diqqətdə saxlanılıb. Prospekt və küçələrdə 188 yeni işıq dirəyi, 648 xüsusi bəzək işığı quraşdırılıb, 1533 kvadratmetr səki yanına ağ lay döşənib, yağış suları üçün 7170 metr su ötürücü kanalizasiya xətti çəkilib. Ötən dövrdə yaşıllaşdırma işləri də xüsusi diqqətdə saxlanılıb.

Məruzə və çıxışlarda problemlərdən də danışılıb, onların aradan qaldırılması yolları göstərilib, qarşıda duran vəzifələrdən bəhs olunub.

Keçidlər