Beynəlxalq Əlillər Günü Ağcabədi rayonunda qeyd olunmuşdur
03 dekabr 2012-ci il tarixdə saat 10:00 – da Ağcabədi rayonu Şəhidlər Xiyabanı və “Ozan” istirahət mərkəzində Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilmişdir.
İlk öncə tədbir iştirakçıları Rayon Şəhidlər Xiyabanını ziyarət edərək, vətənin müdafiəsi uğrunda şəhid olmuş mərd oğullarımızın məzarını ziyarət edərək, onların məzarlarına tər qərənfillər düzərək əziz xatirələrini yad etmişlər.
Daha sonra bayram tədbiri “ Ozan “ istirahət mərkəzində davam etdirilmişdir. Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov bildirdi ki, bu gün dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Məhz ilk dəfə Rusiya Federasiyasının təşəbbüsü ilə 3 dekabr 1992-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edilən bu tarix hər il BMT-yə üzv olan ölkələrdə əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönəlmiş tədbirlərlə qeyd olunur. Eləcə də bizdə də bu tarix qeyd olunur və əlillərə diqqət və qayğı hər zaman vacib məsələlərdən biri sayılır. Məhdud imkanlı insanların siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsi, onların rifahının yüksəldilməsi,əlil insanlara qarşı daim diqqət və qayğı göstərmək sadəcə dövlətin deyil, bir vətəndaş kimi, bir insan kimi bizim də borcumuzdur. Əlillərlə bağlı müxtəlif layihələrin həyata keçirilməsinə dövlət maraqlı olduğu kimi, imkanlı şəxslər də əlillikdən əziyyət çəkən insanlar xüsusən də körpələr üçün öz xeyirxahlıqlarını əsirgəməməlidir. Unutmayaq, hər kəs potensial əlildir, heç birimiz bu cəhətdən sığortalanmamışıq.
Natiq bir daha tədbir iştirakçılarının bayramını təbrik etdi və bildirdi ki, istər dövlətimiz , istərsə də rayon rəhbərliyi hər zaman əlillərə qarşı diqqət və qayğısını əsirgəmir və onların problemlərini həll etmək üçün həyata keçirdikləri tədbirlərlə həm maddi, həm də mənəvi dəstəkləri ilə yardımcı olurlar.
Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiə Mərkəzinin və Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbələri tərəfindən 70 əlilə maddi yardım edildi və bayram tədbiri Rayon Mədəniyyət evinin hazırladığı bayram konserti ilə davam etdirildi.
Tədbirdə 105 nəfər iştirak etmişdir.
Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini,
İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov