Ağcabədidə Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidməti yaradıldı.
13.01.2015 –ci il tarixdə saat 16:00-da Ağcabədi Rayon İcra Hakimiyyəti və Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisinin birgə əməkdaşlığı çərçivəsində “Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidməti” yaradılmışdır. Bu münasibətlə 13.01.2015 –ci il tarixdə saat 16:00-da Ağcabədi rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Naibə Mustafayeva cari ilin fevral ayından fəaliyyətə başlayacaq Məsləhət və Yardım Xidmətinin yaranma zərurəti barədə çıxış etmiş, görüləcək işlərin əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, gənclərin ixtiyarına verilən toxuculuq, xalçaçılıq, rəssamlıq, kompüter, musiqi və s. kurslar ödənişsiz əsaslarla fəaliyyət göstərəcək.
Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə Xidmətin yaradılması təşəbbüsü ilə bağlı fikirlərini bölüşərək, ilk peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı ilə iqtisadi təlabatın üst-üstə düşmədiyini qeyd etmişdir. Buna görə də yeniyetmə və gənclərin peşə təhsilinə diqqətinin artırılmasını vurğulamış, regionlarda bu cür Xidmətlərin yaradılmasını vacib hesab etmişdir.
Qeyd edək ki, Xidmətin fəaliyyət göstərməsi üçün zəruri şərait yaradılmış, işçi qüvvəsi cəlb olunmuşdur.