YAP Ağcabədi rayon təşkilatında rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup ziyalı ilə görüş keçirilmişdir.
08 yanvar 2015 –ci il tarixdə saat 16:00-da YAP Ağcabədi rayon təşkilatında rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup ziyalı ilə görüş keçirilmişdir.Görüşün məqsədi Heydər Əliyev Siyasi İrsinin öyrənilməsi və təbliği qrupunun iş planı ilə tanışlıq olmuşdur.
Tədbirdə iştirak edən Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Naibə Mustafayeva çıxış edərək qeyd etmişdir ki, müasir Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü dahi şəxsiyyətin - Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin respublikamıza hələ birinci rəhbərliyi dövründə milli iqtisadiyyatın inkişafı üçün böyük işlər görülmüş, iri sənaye müəssisələri tikilmiş, bütün sahələrdə əsaslı yüksəlişə nail olunmuş, respublikamızın abadlaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Bunun da nəticəsində müttəfiq respublikalar arasında Azərbaycan iqtisadi durumuna görə qabaqcıllar sırasında olmuşdur.Heydər Əliyev sovet illərində Azərbaycana rəhbərliyi zamanı böyük riskə gedərək milli-mənəvi dəyərlərimizin dirçəlişi, mədəniyyətin yüksəlişi istiqamətində də mühüm addımlar atmış, bütün maneələri dəf edərək müstəqil düşüncəyə yol açmışdır. Bunun nəticəsi idi ki, o dövrdə Azərbaycanda elm, təhsil, mədəniyyət, incəsənət, ədəbiyyat sürətlə inkişaf etmiş, milli-mənəvi dəyərlərin qorunmasının prioritetliyi təmin olunmuşdur.
Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycanın qüdrətlənməsinə və xalqımızın maddi rifahının yaxşılaşmasına xidmət edən siyasi xəttini daha böyük prinsipiallıqla və ardıcıllıqla həyata keçirməyə başlamışdır. Ulu Öndər xalqın çağırışına cavab verərək hakimiyyətə qayıtdıqdan sonra öncə respublikanı xaosdan, parçalanmadan, vətəndaş müharibəsindən xilas etmiş, hakimiyyət boşluğunu qısa müddətdə tam aradan qaldırmış, dövlətçiliyə qəsdlərin qarşısını böyük məharətlə almış, vətəndaş sülhü istiqamətində ciddi addımlar atmışdır.
Daha sonra natiq çıxışında qeyd edib ki,Heydər Əliyevin zəngin siyasi və ictimai irsinin, dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin xüsusən formalaşan gənc nəsil tərəfindən öyrənilməsi bütün Azərbaycan xalqının ümdə istəyidir. Bu mənada bu qrupun yaradılması Ulu Öndərin irsinin öyrənilməsi ilə yanaşı, həm də təbliği baxımından mühüm təşəbbüsdür. Hazırlanacaq tədbirlər planındakı məsələlərin icrası Ulu Öndərin dövlətçilik fəlsəfəsinin və azərbaycançılıq məfkurəsinin daha dərindən öyrənilməsi, geniş təbliğ olunması və həm də hərtərəfli inkişaf etdirilməsi baxımından ölkəmizin siyasi-ictimai və mədəni həyatında böyük rol oynayacaqdır.
Tədbirdə çıxış edən rayon Gənclər və İdman idarəsinin rəis müavini Eldəniz Qəmbərov Heydər Əliyev Siyasi İrsinin öyrənilməsi və təbliği qrupunun iş planı haqqında daha ətraflı şəkildə tədbir iştirakçılarını məlumatlandırdı.