“31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Ağcabədidə Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Dekabrın 29-da Ulu öndərin adını daşıyan meydanda yolka ətrafında keçirilən ümumrayon tədbirində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanları, YAP Ağcabədi rayon təşkilarının rəhbərliyi, şəhid ailələri, qazilər, onların övladları, rayon sakinləri və “N” saylı hərbi hissənin bir qrup əsgər və zabitləri iştirak ediblər.
Dekabr ayının 13-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində boks idman növü üzrə dünya çempionu olmuş ağcabədili idmançı Sübhan Mamedov aparıcı tərəfindən səhnəyə dəvət olunub, əldə olunan böyük nailiyyət münasibətilə onu təbrik edib. Qeyd edək ki, Sübhan Mamedov mötəbər yarışın final mərhələsində özündən 10 yaş böyük erməni əsilli rus idmançı ilə döyüşərək ona qalib gəlib. Beləliklə o, Olimpiya idman növləri üzrə Azərbaycanın ən gənc dünya çempionu kimi idman tariximizə düşüb.
Tədbir Qarabağ Regional Mədəniyyət idarəsinin hazırladığı musiqi proqramları ilə davam edib. İdarənin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin kollektivləri bayram ab-havalı nümunəvi çıxışlar ediblər. İfa olunan mahnılar, nümayiş edilən rəngarəng rəqs nümunələri bayram tədbirinə ayrıca rəng qatıb. Şaxta baba və Qar qızın gəlişi uşaqların böyük sevincinə sabəb olub.
Əziz ağcabədililər, qarşıdan gələn bayram münasibətilə Sizləri təbrik edir, hər birinizə can sağlığı, iş və həyat uğurları, xoşbəxt illər arzulayırıq.
Bayramınız mübarək olsun!






