Ağcabədi rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində “Qarabağ Regional Uşaq Forumu” keçirilmişdir.
Noyabrın 19-da Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisi tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il ənənəvi olaraq, oktyabrın 20-dən noyabrın 20-dək keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində “Qarabağ Regional Uşaq Forumu” keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Ağcabədi RİHB-nın müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova, Ağcabədi rayon Polis Şöbəsinin rəis müavini,Polis polkovnik-leytenantı Yadigar Hüseynov, Ağcabədi RİHB-sı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçisi Nicat Axundov, Səhiyyə,ƏSMM–in əməkdaşları, Təhsil şöbəsinin nümayəndələri, müəllimlər, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün uşaqlar iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Radə Qafarova Forum məqsədləri haqqında geniş məlumat verdikdən sonra uşaq hüquqlarından bəhs edən qısametrajlı film izlənmişdir.
BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının müddəaları haqqında ətraflı məlumat verən S. Abbasov uşaq hüquqlarının müdafiəsi sahəsində ölkəmizdə qəbul olunan normativ sənədlər və həmin qanunvericiliyə uyğun olaraq bu sahədə görülən işlər, təhsil müəssisələrində uşaqların öz hüquqlarını dərindən mənimsəmələri sahəsində mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyindən danışmışdır.
Ağcabədi RİHB-nın müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva Rayon İcra Hakimiyyəti Başçısı Şahin Məmmədovun təbriklərini Forum iştirakçılarına çatdırdıqdan sonra,məhz regionda belə bir Forumun keçirilməsininin əhəmiyyətindən,regionlarda uşaq hüquqlarının müdafiəsi ilə bağlı qarşıda duran vəzifələrdən bəhs edərək bildirmişdir ki,uşaq hüquqları müdafiəsi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
Forum zamanı bu gün uşaqlar üçün aktual hesab olunan mövzular üzrə ekspertlərin iştirakı ilə müzakirələr keçirildi.
Tədbir uşaqların ifalarında uşaq hüquqlarından bəhs edən maraqlı musiqi,teatr,rəqs nömrələri ilə davam etmişdir.
Forumun yekunu olaraq “Qarabağ regional Forumu”nun iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanmışdır.