Rayon icra hakimiyyətində tədbir keçirilib
Aprelin 1-də Ağcabədi Rayon İcra Hakimiyyətində yığıncaq keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, fermerlər, kənd təsərrüfatı mütəxəssisləri, media mənsubları qatılıblar. Yığıncağın işində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov payızlıq əkin sahələrinə aqrotexniki qulluq, təsərrüfat bitkilərinə qulluq və rayonda pambıq əkininə hazırlıq barəsində ətraflı danışıb. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev ölkənin ən böyük təsərrüfat rayonlarından biri olan Ağcabədinin respublikanın kənd təsərrüfatı sahəsində oynadığı mühüm roldan, rayonda əkilib becərilən kənd təsərrüfatı bitkilərinə qulluq və qayğıdan geniş söhbət açıb.
İclasda həmçinin kənd təsərrüfatı ilə məşğul olan işçilərin arzu və təklifləri dinlənərək qarşıya çıxan çətinlik və problemlərin həlli istiqamətində əlaqədar qurumlara müvafiq tapşırıqlar verilib.