Ağcabədi rayonu ilə tanışlıq məktəblilərdə xoş təəssüratlar yaradıb
“Ölkəmizi tanıyaq” devizi altında Qarabağ bölgəsinə ekskursiya edən Nərimanov və Qaradağ rayonlarının ümumtəhsil məktəblilərinin IX-XI sinif şagirdləri noyabrın 10-da Ağcabədi şəhərinə gəliblər.
AzərTAc xəbər verir ki, Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin qarşısında mehribanlıqla qarşılanan tur-aksiya iştirakçılarına rayon barədə qısa məlumat verilib. Diqqətə çatdırılıb ki, son illərdə respublikanın digər regionları kimi Ağcabədi rayonunun da sosial-iqtisadi göstəriciləri yüksəlib, geniş yenidənqurma, tikinti-quruculuq və abadlıq işləri aparılıb, sosial yönümlü obyektlər, iri istehsal müəssisələri tikilərək istifadəyə verilib.
Məktəblilər Qarabağ Muğam Mərkəzinin və incəsənət məktəbinin şagirdlərinin ifasında mahnı və rəqsləri izlədilər. Məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Qarabağ Muğam Mərkəzi qış və yay zalları, sinif və qrim otaqları müasir avadanlıqla təmin edilib. Mərkəzin yerləşdiyi Üzeyir Hacıbəyli adına park abadlaşdırılıb, burada bəstəkarın büstü ucaldılıb, onun əsərlərinin personajlarını əks etdirən heykəlciklər qurulub.
Gənclər Mərkəzinə gələn şagirdlərin diqqətinə çatdırıldı ki, Mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində, onların ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayır. Burada gənclər kafesi, kompyuter, atıcılıq, linqafon otaqları, iclas və akt zalları, elektron kitabxana var. Tur-aksiya iştirakçıları sonra Şahmat Məktəbi ilə tanış olub, Şəhidlər Xiyabanını ziyarət etdilər. Heydər Əliyev parkında gəzintidən sonra məktəblilər Ağcabədi rayonundan xoş təəssüratlarla ayrılıblar.