Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar olaraq anım tədbiri keçirilmişdir.

31 mart 2022 | 11:00

31 mart 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin və Ağcabədi Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nə həsr  olunmuş   anım  tədbiri  keçirilmişdir.
    Kollecin akt zalında keçirilmiş anım tədbirdə soyqırım qurbanlarının, o cümlədən Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
    Ağcabədi  Pedoqoji   Kollecinin  direktoru  Mirələm  İbrahimli, rayon Gənclər və İdman  İdarəsinin  rəis müavini  Eldəniz  Qənbərov anım tədbirində çıxış edərək ermənilərin  zaman-zaman Azərbaycan torpaqlarında törətdikləri  insanlığa  sığmayan  vəhşiliklərindən  ətraflı  söz  açdılar.  
      Natiqlər vurğuladılar ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların Soyqırımı” haqqında 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
    Daha sonra çıxış edən kollecin direktor müavini Rövşən Bayramov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə qeyd etdilər ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.
    Tədbirdə kollecin müəllimi Bəxtiyar Əliyev və tələbəsi Zenfira Məmmədova da çıxış edərək “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” haqqında öz fikirlərini bölüşdülər.  
    Natiqlər çıxışlarında xüsusi olaraq vurğuladılar ki, tarix heç nəyi unutmur. Azərbaycan dövləti xalqımıza qarşı həyata keçirilən etnik düşmənçilik siyasəti haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün mümkün olan bütün vasitələrdən istifadə edir.

Keçidlər