Ağcabədidə barama istehsalına hazırlıq işləri start götürüb
Son illər ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişaf etdirilməsi proritet istiqamət elan olunub. Həyata keçirilən ardıcıl tədbirlər sayəsində kənd təsərrüfatı yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Hazırda bu mühüm sahədə inkişaf tempi uğurla davam edir. Kənd təsərrüfatının gəlirli sahələrindən olan baramaçılıqda da uğurlu nəticələrə imza atılıb. Respublikamızda baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində ciddi addımlar atılır.
Dövlət dəstəyi sahəsində ölkənin hər yerində baramaçılıq təsərrüfatına əhali tərəfindən maraq xeyli artıb. Görülmüş yüksək aqrotexniki tədbirlər nəticəsində əvvəlki illərlə müqayisədə fermer təsərrüfatlarında barama istehsalı geniş vüsət alıb.
Rayonumuzda da baramaçılığın inkişaf etdirilməsi sahəsində diqqətəlayiq nəticələr əldə olunub. Artıq bölgənin fermer təsərrüfatlarında cari il üçün barama istehsalına hazırlıq işləri start götürüb. Bununla əlaqədar olaraq Ağcabədi Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanova müraciət etdik. Onunla söhbətimiz məsələyə bir qədər aydınlıq gətirdi.
A.Süleymanovun dediklərinə görə, son bir neçə il ərzində rayonda baramaçılıq sahəsində yüksək nailiyyətlər qazanılıb. Göstərilən dövlət diqqət və qayğısı sayəsində rayon kümçüləri hər il bol məhsul yetişdirməyə nail olublar.
Təkcə ötən 2021-ci ildə rayonumuzda 452 kümçü tərəfindən 1200 qutu tut ipəkqurdu bəslənilib və 48 min 368,1 kq yaş barama istehsal edilərək, “Azəripək” ASC-yə təhvil verilib. Həmin yaş baramanın hər kiloqramına görə (əyrilən və karapaçax barama istisna olmaqla) kümçülərə 235 min 204 manat məbləğində dövlət büdcəsi vəsaiti hesabına subsidiya, həmçinin hər kiloqram baramanın dəyəri olmaqla “Azəripək” ASC-tərəfindən 188 min 561 manat, ümumilikdə, 423 min 765 manat məbləğində vəsait kümçülərin bank hesablarına köçürülüb.
Cari təsərrüfat ilində barama yetişdirilməsi ilə əlaqədar rayonda hazırlıq işlərinə başlandığını vurğulayan Mərkəz direktoru qeyd edib ki, hazırda rayon kümçülərinin siyahısı müəyyənləşdirilir, kümxanaların qaydaya salınması, dezinfeksiya olunması və maarifləndirmə tədbirləri həyata keçirilir.
A.Süleymanov söhbətində barama alışı ilə əlaqədar son yeniliklər barədə də məlumat verib. Bildirilib ki, ötən il baramanın hər kiloqramına 5 manat subsidiya və 4 manat “Azəripək” ASC tərəfindən alış qiyməti olmaqla, ümumilikdə kümçülərə təhvil verilən yaş baramanın hər kiloqramına 9 manat vəsait ödənilib. Bu il Subsidiya Şurası tərəfindən baramanın hər kiloqramına ödənilən subsidiyanın məbləğinin artırılaraq, 6 manat və baramanın alış qiymətinin 5 manat təyin olunması nəticəsində kümçülərə təhvil veriləcək yaş baramanın hər kiloqramına ümumilikdə, 11 manat vəsait ödəniləcək. Bu da kümçülərin maddi rifah halının yüksəlməsinə və daha çox gəlir əldə etməsinə səbəb olacaq.