Ağcabədidə “Vətənin Müdafiəsinə Hazıram” Poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir.
30 mart 2022- ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü“nə həsr olunmuş “Vətənin Müdafiəsinə Hazıram” Poliatlon çoxnövçülüyü üzrə gənclər arasında rayon birinciliyi keçirilmişdir.
Yarışın açılış mərasimində çıxış edən Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov bildirdi ki, rayon birinciliyinin keçirilməsində məqsəd “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü“nün yad edilməsi, rayonda “Vətənin Müdafiəsinə Hazıram” Poliatlon çoxnövçülüyünün yeniyetmə və gənclər arasında təbliğ edilməsi, onların hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi və orduya xidmət etmələri üçün fiziki hazırlıq səviyyələrinin yüksəldilməsidir. Eldəniz Qənbərov birinciliyin keçirilməsi və əhəmiyyəti, eləcədə yarışın qaydaları barədə iştirakçılara ətraflı məlumat vermiş, komandalara uğurlar arzulamışdır.
Gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalan rayon birinciliyi Əsasnaməyə uyğun olaraq müxtəlif nominasiyalar üzrə keçirilmiş və 11 komanda mübarizə aparmışdır.
Rayon birinciliyinin yekun nəticələrinə əsasən Ş.Hüseynov adına şəhər 2 saylı tam orta məktəbin komandası I yerə, Ə.Alıyev adına şəhər 12 saylı tam orta məktəbin komandası II yerə, M.Aranlı adına şəhər 11 saylı tam orta məktəbin komandası isə III yerlərə laiq görülmüşdür. Müvafiq olaraq I,II,III yerləri tutan komandalara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunmuşdur.