Ağcabədidə şəhid ailələri,müharibə əlilləri, aztəminatlı ailələr ziyarət olunur
Novruz bayramı münasibətilə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələri, Vətən müharibəsi əlilləri, tənha qadınlar və aztəminatlı ailələr ziyarət olunur, onlara bayram sovqatları aparılır.
Martın 12-də Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov,aparatın digər məsul işçiləri, media mənsublarının iştirakı ilə Yuxarı Qiyaməddinli, Arazbar və Şahsevən kəndlərində olub.
İcra başçısı şəhid Ceyhun Hüseynov , Azər Əliyev, Sahil Məmmədov və itgin düşmüş Asim Mehdiyevin ailəsini ziyarət edərək onların yaxınlarını, ailə üzvlərini Novruz bayramı münasibəti ilə təbrik edib. Həmçinin Vətən müharibəsi əlilləri Racim Mirzəyev, Elbəy Məmmədov, Hökmdar Daşdəmirov, Anar Əliyev, Elsevən Həsənov və İntiqam Əliyevin evində olan icra başçısı onlara cansağlığı, ailələrinə bol ruzi, bərəkət arzulayıb.
Şəhid ailələri və müharibə əlilləri ilə görüş zamanı R.Hüseynov qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Ali baş komandanın dəmir yumruğu ətrafında birləşərək canlarından və sağlamlıqlarından keçən igidlərimizin qəhrəmanlıqlarını xalqımız heç zaman unutmayacaq,daim onlarla qürur duyacaq,fəxr edəcəkdir.
Şəhid ailələrinə, müharibə əlillərinə dövlət qayğısından söz açan rayon rəhbəri onların sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə edilməsinin məhz bu diqqətin təzahürü olduğunu vurğulayıb.
Ziyarət zamanı İcra başçısı hər zamankı kimi sözügedən ailələrin qarşılaşdığı problemlərlə maraqlanıb.
Qeyd edək ki, ümumilikdə 500-dən çox ailənin ziyarət olunması nəzərdə tutulub.