Şriftin ölçüsü :

Saytın rəngi :

“Yüksəliş" müsabiqəsinin İşçi Qrupu bölgələr üzrə səfəri çərçivəsində Ağcabədidə olub.

11 mart 2022 | 11:00

11 mart 2022-ci il tarixdə “Yüksəliş" müsabiqəsinin İşçi Qrupu müsabiqə ilə bağlı məlumatlılığı artırmaq məqsədilə bölgələr üzrə səfəri çərçivəsində Ağcabədi rayonunda görüş keçirmişdir.

Tədbiri giriş sözü ilə açan Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev bildirmişdir ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Birinci "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsi 2019-cu il dekabrın 27-dən başlayıb 2020-ci il fevralın 2-də tamamlanıb. 10-11 iyul 2021-ci il tarixlərində isə “Baku Ekspo Mərkəzi”ndə keçirilən müsabiqənin finalında iştirak edən 112 namizəddən 27 nəfəri qalib adını qazanıb.

Rüfət Quliyev xüsusi olaraq vurğulamışdır ki, bu qaliblərdən biri əslən Ağcabədi rayon Sarıcalı kəndindən olan Feyzullayev Tural Hicrət oğludur.

Daha sonra 17 fevral 2022-ci il tarixindən etibarən ikinci "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə start verildiyini qeyd edən idarə rəisi bu barədə ətraflı məlumat vermək üçün sözü İşçi Qrupunun üzvü Vüsal Duqiyə vermişdir.

Vüsal müəllim “Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsi və şərtləri barədə ətraflı məlumat vermiş və bildirmişdir ki, müsabiqə şərtlərinə görə, 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər. Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı (www.yukselish.az) vasitəsilə həyata keçirilir və təqribən 1 ay davam edəcək. Müsabiqə Qeydiyyat, Onlayn, Əyani, Yarımfinal və Finaldan ibarət olmaqla 5 mərhələdən ibarətdir. Qeydiyyat mərhələsində müsabiqədə iştirak etmək hüququna malik olan şəxslər www.yukselish.az rəsmi internet səhifəsində Şəxsi Kabinet yaratmaqla və qeydiyyat formasını (anketi) doldurmaqla qeydiyyatdan keçə bilər. Müsabiqənin yekunlarına əsasən, “Yüksəliş” qalibi elan olunan 20 iştirakçı bir illik İdarəçi rəhbərlərin iştirakı ilə mentorluq proqramına qoşulma və fərdi inkişaf üçün 20 min manat pul mükafatı qazanmaq imkanı əldə edəcək.

Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

Keçidlər