Ağcabədi rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü münasibəti ilə tədbir keçirilmişdir.
Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü Ağcabədi rayonunda təntənəli qeyd edilmişdir. Tədbir iştirakçıları əvvəlcə rayon İcra Hakimiyyəti binasının önündə ucaldılmış Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini ehtiramla yad etmişlər.
Daha sonra tədbir Ağcabədi şəhərində yerləşən “Kral” şadlıq sarayında davam etdirildi. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Arif Quliyev tədbir iştirakçılarını təbrik etdi. Tədbir iştirakçıları Partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tədbirdə çıxış edərək bildirdi ki, Azərbaycanın ən böyük siyasi partiyası olan YAP-ın hal-hazıda üzvlərinin sayı yarım milyondan artıqdır. Partiyanın əsası 1992-ci ildə Heydər Əliyev tərəfindən qoyulub. Partiyanın təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi. Yeni Azərbaycan Partiyası qısa bir müddətə geniş şöhrət qazanaraq cəmiyyətin bütün təbəqə və kateqoriyalarından olan sağlam qüvvələri öz ətrafında birləşdirə bilmiş, ümumxalq partiyası olmaq istiqamətində uğurlu addımlar atmışdı.
Millət vəkili Tahir Rzayev çıxışında bildirdi ki, 1993-cü ildə YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir.
Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü Kərim Kərimov çıxış edərək, YAP-ın keçdiyi çətin və şərəfli partiya yolundan, Ulu Öndər Heydər Əliyevin xidmətlərindən və siyasi fəaliyyətindəki çətinliklərdən və onlardan necə şərəflə çıxdığından bəhs etmişdir.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında Yeni Azərbaycan Partiyasın uğurlu siyasi fəaliyyətini, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına xidmətlərini, Prezidentimiz İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsini qeyd etmişdir.
Ağcabədi Rayon Gənclər Təşkilatının sədri Sadiq Əliyev və Yap Qadınlar Şurasının sədri Naibə Mustafayeva öz çıxışlarında Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətindən bəhs edərək, YAP-ın hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək, ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq insan hüquq və azadlıqlarının təminatı, liberal dəyərlərə söykənən güclü və sosial yönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparmağa xidmət etdiyini bildirmişlər.
Tədbirdə 10 nəfərə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim edilmişdir.
Tədbir Mədəniyyət şöbəsinin təşkil etdiyi konsert proqramı ilə davam etmişdir.
Tədbirdə 550 nəfər iştirak etmişdir.