Xocalıda törədilən vəhşiliklər Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsidir
Erməni silahlılarının Xocalıda dinc sakinlərə qarşı vəhşiliklər onu deməyə əsas verir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsidir.
Bu fikir faciənin 30-cu ildönümü münasibətilə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Ağcabədi Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsi qurbanlarının, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Ağcabədi Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimli, Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov, kollecin direktor müavini Rövşən Bayramov çıxış edərək ermənilərin zaman-zaman Azərbaycan torpaqlarında törətdikləri insanlığa sığmayan vəhşiliklərindən danışıblar. Bildirilib ki, 30 il əvvəl Xocalı sakinlərinə qarşı əsl soyqırımı həyata keçirilib. Dinc sakinlər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib, diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, hətta körpə uşaqların gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıb. Azərbaycan xalqı Xocalı faciəsini, həmin hadisələr zamanı törədilən qanlı cinayətləri heç zaman unutmayacaq.
Tədbirin sonunda kollecin tələbləri Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.