Şriftin ölçüsü :

Saytın rəngi :

“Ağcabədi taxıl Aqropark”ı ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək

18 fevral 2022 | 11:00

Aqroparklar torpaq sahələrindən səmərəli istifadə, məhsuldarlığın yüksəldilməsi, yeni istehsal və emal sahələrinin yaradılması, müasir suvarma sistemlərinin tətbiqi üçün innovativ və əlverişli mexanizmdir. Son illərdə ölkəmizdə ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi və aqrar-sənaye kompleksinin modernləşdirilməsi məqsədilə müasir aqroparkların yaradılması istiqamətində böyük uğurlara imza atılıb. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq yaradılan təsərrüfatlardan biri də “Ağcabədi taxıl Aqropark”dır.

Qeyd edək ki, fevralın 13-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ağcabədi taxıl Aqropark”da yaradılan şəraitlə tanış olublar.

“Ağcabədi taxıl Aqropark”nın icraçı direktoru Elman Kərimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2018-ci ildən yaradılmağa başlanan müasir əkinçilik və bağçılıq təsərrüfatının ərazisi 3000 hektardır. Aqroparkda sudan səmərəli istifadə etmək üçün ABŞ-dan gətirilmiş 26 ədəd pivot suvarma sistemləri qurulub. Təsərrüfatın 1580 hektar sahəsi pivotlaşdırılıb. 110 hektar sahədə iki il əvvəl badam bağı salınıb. Damcı suvarma sistemi ilə təchiz olunan bağdan bu il ilk məhsul yığılacaq.

Aqroparkın ərazisində, həmçinin 120 hektarın suvarılması üçün yağmurlama sistemi qurulub. Təsərrüfatda ildə iki dəfə məhsul istehsal edilir. Arpa, buğda əkinlərindən sonra ikinci məhsul üçün 1200 hektardan çox sahədə qarğıdalı əkilir. 2022-ci ilin məhsulu üçün payızda əkilən arpa və buğdadan əlavə yazda 466 hektar pambıq, 400 hektar birinci əkim qarğıdalı, 1200 hektar ikinci əkim qarğıdalı əkilməsi planlaşdırılıb.

Emal sahəsində İsrail texnologiyası ilə yüksəkkeyfiyyətli qaba yem istehsal olunur. Məhsul İsrail və İtaliya istehsalı olan avadanlıqlarla 40 kiloqramlıq və 1 tona yaxın olmaqla qablaşdırılır. Gücü saatda 50 ton olan qurutma sahəsində dənli bitkilərin qurudulması üçün Fransa istehsalı olan müasir avadanlıq quraşdırılıb.

Aqroparkın 30 min ton arpa, buğda, qarğıdalı saxlamaq üçün saxlanc anbarı da var. 5 min kvadratmetr anbarda isə təsərrüfata lazım olan dərman və avadanlıqlar saxlanılır. Texnika parkı 20 traktor və kombayndan, eləcə də 86 aqreqatdan ibarətdir. Aqroparkda 41 nəfər daimi işlə təmin olunub. Bundan əlavə, 100-300 nəfər mövsümi işlərə cəlb edilir.

“Ağcabədi taxıl Aqropark”ı müasir əkinçilik və bağçılıq təsərrüfatı ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsinə, ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfəsini verəcək.

Keçidlər