Yol mədəniyyətdir, inkişafdır, insanların rahatlığıdır
Yol mədəniyyətdir, inkişafdır, insanların rahatlığıdır. Odur ki, ölkəmizdə yol infrastrukturunun yaxşılaşdırılması daim diqqətdə saxlanılır, rayon mərkəzləri ilə yanaşı, ən ucqar kəndlərin də yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılır. Bütün bunlar isə dövlətimizin başçısının vətəndaşlara göstərdiyi qayğının nəticəsidir.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağcabədi rayon Avşar kənd sakini, Azərbaycanın Milli Qəhrəmanı Namiq Abdullayevin qardaşı İqbal Abdullayev deyib.
İ.Abdullayev bildirib ki, Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun yenidən qurulması, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın yolun açılışında iştirak etməsi kənd sakinlərinin sevincinə səbəb olub: “Kəndimizdə bütün infrastruktur yaradılıb. Kənd qaz, elektrik, su, rabitə ilə təmin olunub. Tək narahatlığımız yol sarıdan idi. Rayon mərkəzinə 15 dəqiqəlik yolu 40-50 dəqiqəyə gedirdik. Həm avtomobilimiz tez-tez sıradan çıxır, həm də hədər vaxt itirirdik. Xüsusən payız-qış aylarında istər avtonəqliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində problemlər yaranırdı. İndi dövlətimizin qayğısı sayəsində bu çətinliyimiz aradan qaldırılıb. Yollarımız yüksək keyfiyyətlə yenidən qurulub. Kəndin əsas daxili yolları da asfaltlanıb. Göstərilən diqqət və qayğıya görə Prezidentimizə minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, fevralın 13-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağcabədi rayonunda Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər. Uzunluğu 41 kilometr olan və Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yolu başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil magistralından götürür. Dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azəryolelmitədqiqatlayihə İnstitutu” MMC tərəfindən avtomobil yolları V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilərək, yenidən qurulub. Layihə çərçivəsində yolda 4 avtobus dayanacağı inşa edilib, yol nişanları və məlumatverici lövhələr, təhlükəsizlik dirəkləri quraşdırılmaqla müasir yol infrastrukturu yaradılıb.
Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun yenidən qurulması ilə vətəndaşlarının gediş-gəlişi rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Bu isə sakinlərin birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərəcək, kənd təsərrüfatının inkişafına təkan verəcək.