Ağcabədidə son illərdə müasir təsərrüfatların yaradılması istiqamətində uğurlara imza atılıb
Respublikamızın digər bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da son illərdə aqrar sahədə müasir təsərrüfatların yaradılması istiqamətində böyük uğurlara imza atılıb. Rayonda fəaliyyət göstərən aqropark və digər təsərrüfatların əldə etdiyi yüksək məhsuldarlıq fermerlərin innovativ becərmə üsullarına marağının artmasına səbəb olur. İri fermer təsərrüfatlarında tətbiq olunan müasir metodlar ölkənin kənd təsərrüfatı məhsullarına tələbatının ödənilməsində və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov deyib.
A.Süleymanov bildirib ki, hazırda Ağcabədi rayonunda “Ağcabədi taxıl Aqropark”, “Əkinçi-BO” fermer təsərrüfatı, “MKT İstehsalat Kommersiya” MMC-nin innovasiya filialı, “Qarabağ Taxıl” MMC kimi müasir təsərrüfatlar fəaliyyət göstərir. Həmin təsərrüfatlarda müasir suvarma sistemlərindən, o cümlədən pivotaltı və damcı suvarmadan istifadə etməklə yüksək məhsul əldə olunur. Müasir suvarma sistemləri qurulan sahələrdə suvarma suyuna qənaət olunur ki, bu da daha çox əkin sahəsinin suvarma suyuna tələbatının ödənilməsi deməkdir. Müasir suvarma üsullarının tətbiq edildiyi sahələrdə suvarma normalarına ciddi əməl olunması nəticəsində torpaqdan qida maddələrinin yuyulmasının qarşısı alınır, torpağın münbitliyi əhəmiyyətli dərəcədə artır və torpaq təkrarən şorlaşmaya məruz qalmır.
A.Süleymanov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağcabədi rayonuna səfəri çərçivəsində “Ağcabədi taxıl Aqropark”da yaradılan şəraitlə tanış olması bu sahənin dövlətimizin diqqət mərkəzində olduğunu bir daha sübut edir.
“Ağcabədi taxıl Aqropark” haqqında məlumat verən DAİM-in direktoru innovativ becərmə üsullarının tətbiq olunduğu təsərrüfatlarda bölgə üçün ənənəvi olmayan bitkilərin də becərilməsinin mümkün olduğunu deyib. Bildirib ki, Hindarx qəsəbəsi ərazisində yaradılan “Ağcabədi taxıl Aqropark” müasir əkinçilik və bağçılıq təsərrüfatının qurulması layihəsi əsasında fəaliyyət göstərir. Aqroparkın emal sahəsi gündəlik gücü 150 ton olan yem zavodundan və 100 ton olan yem paketləmə xəttindən ibarətdir. Burada, həmçinin 26 min kubmetr həcmində müasir taxıl və 12 min kubmetrlik silos anbarları yaradılıb. Gücü saatda 50 ton olan qurutma sahəsində dənli bitkilərin qurudulması üçün müasir avadanlıq quraşdırılıb. Aqroparkın texnika parkı 20 traktor və kombayndan, eləcə də 86 aqreqatdan ibarətdir. “Ağcabədi taxıl Aqropark”ın su təchizatı üçün 3 kilometr uzunluğunda su xətti çəkilib, 150 min kubmetr həcmində su anbarı, 2 nasos stansiyası inşa edilib. Təsərrüfatın əkin sahələrinin 1580 hektarı pivotlaşdırılıb. 110 hektar sahədə müasir damlama suvarma sistemlərindən istifadə edərək Ağcabədi rayonu üçün spesifik olmayan badam bitkisi əkilib. Yüksək aqrotexniki tədbirlərin tətbiq olunması nəticəsində həmin sahədə yüksək nəticəyə nail olunub. Buradan belə qənaətə gəlmək olar ki, Ağcabədi rayonunda müasir metodları tətbiq etməklə nəinki ənənəvi bitkilərin, həm də rayon üçün ənənəvi olmayan bitkilərin də becərilərək yüksək məhsuldarlığa nail olunması mümkündür.