Şriftin ölçüsü :

Saytın rəngi :

Bu günədək aqroparklara 1,3 milyard manat özəl investisiya qoyulub

19 fevral 2022 | 11:00

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Ağcabədi taxıl Aqropark”a mediatur təşkil olunub. Media nümayəndələrinin “Ağcabədi taxıl Aqropark”la tanışlığı zamanı bildirilib ki, aqroparkın ümumi sahəsi 3 min hektardır.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Aqroparkın faktiki əkin sahəsi 1368 hektardır. Burada əsasən, arpa, buğda, qarğıdalı, pambıq, günəbaxan və s. bitkilər becərilir. Aqroparkda, həmçinin 110 hektar sahədə intensiv badam bağı salınıb. Suvarma mənbəyi kimi Yuxarı Qarabağ kanalından istifadə olunur. Əkin sahələrinin suvarılmasında müasir metodlardan istifadə edilir. Aqroparkın emal sahəsi gündəlik gücü 150 ton olan yem zavodundan və 100 ton olan yem paketləmə xəttindən ibarətdir. Burada, həmçinin 26 min kubmetr həcmində müasir taxıl və 12 min kubmetrlik silos anbarları yaradılıb. Gücü saatda 50 ton olan qurutma sahəsində dənli bitkilərin qurudulması üçün müasir avadanlıq quraşdırılıb. Aqroparkın texnika parkı 20 traktor və kombayndan, eləcə də 86 aqreqatdan ibarətdir. Ümumi dəyəri 35 milyon manat olan aqroparkın yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 9,8 milyon manat güzəştli kredit verilib. Burada 41-i daimi olmaqla 150 iş yeri yaradılıb. Ümumilikdə, ölkədə 32 rayon üzrə 240 min hektar ərazidə 51 aqropark və iri fermer təsərrüfatı yaradılır. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb. Artıq 44 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır.

İndiyədək 25 aqroparkın yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 184 milyon manat güzəştli kredit, 27 aqroparka isə 1 milyard manat dəyərində investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi almış 26 aqroparka texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə bir çox təsdiqedici sənədlər verilib və bu təsdiqedici sənədlər üzrə həmin aqroparklar 39,8 milyon manat dəyərində güzəştlər əldə ediblər. Bu günədək aqroparklara 1,3 milyard manat özəl investisiya qoyulub. Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır. Hazırda aqroparklarda ümumilikdə, 4100-dək işçi daimi, 5000-dən çox işçi isə mövsümi işlə təmin olunub. Gələcəkdə əlavə 5000-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.

Keçidlər